Azərbaycan Tarif (qiymət) Şurasının tərkibi genişləndirilib. Bununla bağlı Prezident İlham Əliyev aprelin 7-də fərman imzalayıb.
Fərmanla Tarif Şurasının tərkibinə Dövlət Statistika Komitəsi sədrinin müavini və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri əlavə olunub.
Prezidentin digər bir dəyişikliyi ilə isə Şuranın iclasları onun üzvlərindən azı doqquz nəfər iştirak etdikdə baş tutmuş sayılacaq.
Bundan əvvəl Tarif Şurasının tərkibinə iqtisadiyyat naziri (sədr), maliyyə, ədliyyə, energetika, rəqəmsal inkişaf və nəqliyyat, kənd təsərrüfatı, səhiyyə, elm və təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinləri daxil olub. Habelə, Dövlət Gömrük və Dövlət Şəhərsalma və Arxitektura komitələrinin sədr müavinləri orada təmsil edilib.
Bu qurum 2005-ci ildə yaradılıb. O, dövlət tənzimlənməsi ilə bir sıra məhsul və xidmətlərin qiymətini müəyyən edir.