Taliban BMT-də çıxış etmək istəyir

BMT Baş Məclisi

Əfqanıstanın Baş Məclisin son günündə – sentyabrın 27-də çıxış edəcəyi gözlənir

Taliban BMT-nin bu həftə Nyu Yorkda keçirilən Baş Məclisində dünya liderlərinə müraciət etmək istəyir. Bu haqda BMT-nin sözçüsü sentyabrın 21-də açıqlama verib.

ABŞ məsələdən xəbərdardır

BMT-nin Baş katibi Antonio Quterres Talibandan iclasdan “iştirak üçün xahiş” məktubu alıb, Quterresin sözçüsü Stefan Ducarric deyib.

Buna da bax: Taliban hökuməti genişləndirir, yenə qadınlarsız

Məktub sentyabrın 20-də, Baş Məclis başlanmazdan bir gün öncə Xarici işlər nazirinin vəzifəsini icra edən Əmir Xan Müttaqi tərəfindən imzalanıb.

Məktubda Talibanın BMT-yə yeni daimi təmsilçi təyin etdiyi də bildirilir. Təmsilçi Məhəmməd Sühail Şahin daha öncə Qətərdəki sülh danışıqlarında Talibanın sözçüsü olub.

ABŞ Dövlət Departamentinin aparıcı rəsmiləri Talibanın xahişindən xəbərdar olduqlarını deyiblər, amma qurumun nə qərar verəcəyi haqda fikir bildirməyiblər. ABŞ BMT-nin akkreditə komissiyasının üzvüdür.


Sizin brauzer HTML5-i dəstəkləmir

Əfqan qadınlar etiraz edir - Taliban Qadın nazirliyini ləğv etdi

İsakzay “daha təmsilçi deyil”

Taliban məktubunda yazır ki, Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qani avqustun 15-də “devrilib” və dünya ölkələri “onu daha prezident kimi tanımırlar”. Əfqanıstanın indiki səfiri Qulam İsakzay daha ölkəni təmsil etmir, Taliban qeyd edir.

Quterres sentyabrın 15-də İsakzaydan Əfqanıstanın 76-cı sessiyada nümayəndə heyətinin siyahısını alıb, sözçü deyib.

Əfqanıstanın Baş Məclisin son günündə – sentyabrın 27-də çıxış edəcəyi gözlənir. BMT-nin akkreditə komissiyası Talibana yer ayırarsa iclasda kimin danışacağı aydın deyil.

Taliban avqustun 15-də paytaxt Kabili ələ keçirib.