Yaşı 15 ildən keçən avtomobil taksi xidməti göstərməyəcək

Bakıda taksi

Dövlət qeydiyyat şəhadətnaməsində buraxılışından 15 ildən artıq keçən avtomobil taksi kimi sərnişin daşımalarında istifadə oluna bilməz.

Nazirlər Kabinetinin martın 28-də təsdiqlədiyi yeni tələblərə görə, sərnişin daşımalarında istifadə olunan şəhərlərarası avtonəqliyyat vasitələri ağ, şəhərdaxili qırmızı olmalıdır. Taksi minik avtomobilləri isə ağ və ya qırmızı rənglərdə olacaqlar.

Taksilərin rəngləri ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən ölkəyə gətirilən və ya ölkədə istehsal olunan avtonəqliyyat vasitələrinə şamil ediləcək.

Digər tələblərə əsasən, taksilər ABS əyləc sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.

Bundan əlavə, onlarda bütün salonu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay saxlaya bilən videokameralar quraşdırılmalıdır.

Taksi avtomobilləri ən azı AVRO-5 ekoloji standartına uyğun olmalıdır.

Tələblər 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

Toğrul Vəliyev

İqtisadçı: 'Taksi xidmətlərinin qiyməti artacaq'

İqtisadçı Toğrul Vəliyev bildirib ki, taksilərlə bağlı əvvəllər də buna oxşar tələblər var idi: "İndi sadəcə kosmetik əlavələr edildi. Məsələn, rənglə bağlı əvvəlki tələblərdə deyilirdi ki, o, sarı olmalıdır. Amma bu qaydalar o vaxt da işləmirdi, indi də necə işləyəcəyi bəlli deyil".

Ekspert qeyd edib ki, qaydaların riayət olunmasına nəzarət mexanizmi də bəlli deyil: "Bunu hansı qurum və hansı formada həyata keçirəcək? Hər maşını saxlayıb taksi olub-olmadığını soruşacaqlar? Bu, aydın deyil. Ona görə də düşünürəm ki, bu tələblər o qədər də işlək olmayacaq".

T.Vəliyevin sözlərinə görə, ciddi nəzarət olacağı təqdirdə taksi xidmətlərin qiyməti artacaq: "Çünki taksilərin sayı azalacaq. Eyni zamanda, hər taksi üçün post-terminal tələbi var ki, bu o qədər də ucuz deyil. Ona görə də qiymətlərə təsir olacaq".

Ayrı-ayrı iqtisadçıların fikrincə, bütün bu dəyişikliklər bu sahədən çıxan yeni işsizlər yaradacaq.

Sizin brauzer HTML5-i dəstəkləmir

Taksi sahəsində rüsumların artırılması kimin işinə yarayır?

Xatırlatma

Azərbaycanda taksilərlə bağlı dəyişikliklər artıq 2023-cü ildən həyata keçirilir.

"Avtomobil nəqliyyatı haqqında" Qanuna edilən dəyişikliklərə əsasən, taksi sürücüsü tibbi müayinədən keçməli, avtomobilin texniki vəziyyəti yoxlanmalıdır. Eyni zamanda, taksi sürücüləri buraxılış vəsiqəsi əsasında işləməlidir.

Bəzi ekspertlər hesab edirlər ki, bütün bu dəyişikliklər taksi fəaliyyətində tək texniki keyfiyyətə yox, qiymətlərin yüksəlməsinə də səbəb olacaq.