Düşənbə Rusiyada saxlanmış terror şübhəlisi taciklərə işgəncə verilməsini pisləyib

Saidakram Racabalizoda

Tacikistanın xarici işlər naziri Sirociddin Muxriddin Rusiyada Crocus City Hall konsert zalına hücumla bağlı şübhəli qismində saxlanmış şəxslərə işgəncə verilməsini pisləyib.

Bu barədə məlumatı AzadlıqRadiosunun Tacik xidməti yayıb.

Muxriddin MDB ölkələri xarici işlər nazirləri şurasının aprelin 12-də Minskdə keçirilən iclasında deyib ki, Rusiyanın hüquq-mühafizə orqanları beynəlxalq hüququn və qanunvericiliyin norma və prinsiplərinə əməl etməlidirlər.

Nazirin sözlərinə görə, söhbət xüsusilə də təqsirsizlik prezumpsiyasından, saxlanmış şəxslərlə pis rəftar və onlara işgəncə verilməsinin qadağanından gedir:

"Açıq informasiya məkanında terror aktının ehtimal olunan icraçılarının və onlara bədən xəsarəti yetirən işgəncələrin kadrlarının göstərilməsi yolverilməzdir. Bu yolla alınmış etirafların dəyərini hamı yaxşı bilir”.

Buna da bax: Spiker qırğız dilinin təhlükədə olduğunu düşünür və təklif edir ki...

Ksenofobiyanın yüksəlişi

Muxriddin habelə Crocus zalına hücumdan sonra Rusiyada yüksəlmiş ksenofobiya dalğasını pisləyib.

O deyib ki, “düşünülməmiş informasiya kampaniyasının” nəticəsində Tacikistan vətəndaşlarına və taciklərə qarşı “neqativ münasibət formalaşır”.

Bu da xəbər verilir ki, Muxriddin Minskdə Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Nazirliklərin hesabatlarında bu mövzunun müzakirə olunması qeyd olunmayıb.

Tacikistan nazirinin bəyanatına heç bir reaksiya verilməyib.

Moskva ətrafındakı Crocus City Hall konsert zalına martın 22-də edilmiş hücum nəticəsində azı 144 nəfər həlak olub.

Bu hücuma görə məsuliyyəti öz üzərinə İslam Dövləti ekstremist təşkilatı götürüb.

Sizin brauzer HTML5-i dəstəkləmir

İnsanların boynuna etmədiyi cinayəti yükləyən müstəntiqlər

İşgəncə izləri

Moskvadakı Basmannı rayonunun məhkəməsi bu iş üzrə ittiham olunanların həbslərinə martın 24-də gecə başlayıb. Həbs edilənlərin əksəriyyəti Tacikistan vətəndaşlarıdır.

İttiham olunanlardan ilk dörd nəfəri məhkəməyə bədənlərində və üzlərində zorakılıq və işgəncə əlamətləri ilə gətirilib.

Məsələn Saidakram Racabalizodanı saxlayarkən qulağını kəsiblər.

Muxammed Faizovu isə məhkəmə zalına bədəninə sidik kateteri qoşulmuş halda təkərli xərəkdə gətiriblər.

Şamsiddin Farudininin bədəninə elektrik cərəyanı verilib.

Dalerjon Mirzoyev zala gətirilərkən boğazında plastik paket olub. Belə görünürdü ki, onu boğmağa çalışıblar.

Rusiya məmurları, Putinin mətbuat katibi Dmitri Peskov da daxil bütün bunları şərh etməkdən boyun qaçırıblar.