Azərbaycanlıları qəzəbləndirən proqram qapadıldı

Iran -- Təbriz Universitetində tələbələr təhqiramiz TV proqrama etiraz edirlər. 10 noyabr, 2015

►İranın IRIB dövlət televiziya şirkəti İranda yaşayan azərbaycanlıların şikayətindən sonra uşaq verilişinin yayımını dayandırıb.

Trend xəbər verir ki, hər cümə günü efirə gedən "Fitileh" populyar uşaq verilişinin yayımı sonuncu buraxılışdan sonra müvəqqəti dayandırılıb.

IRIB-in mətbuat xidmətindən bildirilib ki, veriliş zamanı Azərbaycan dilində istehza dolu dialoqlar səslənib ki, bu da İranda yaşayan azərbaycanlıların şikayətinə səbəb olub.

Mətbuat xidmətindən bildirilib ki, bu, səhvən baş verib: "Dövlət televiziya şirkəti İran azərbaycanlılarından üzr istəyir və qeyd edir ki, bu vəziyyət bilməyərəkdən baş verib".

Qeyd olunub ki, verilişin buraxılışına məsul əməkdaş vəzifəsindən azad edilib, həmçinin telekanalda digər iki vəzifəli şəxs səhlənkarlığa görə töhmət alıb.

Xatırladaq ki, noyabrın 9-da İranın azərbaycanlıların kompakt yaşadığı şəhərlərində verilişə etiraz olaraq kütləvi aksiyalar keçirilib. (Qalmaqallı proqramın videosu və etirazlardan video burda)

Noyabrın 10-da etiraz aksiyaları davam edib. Təbriz Universitetində tələbələr "İrqçiliyə son qoyulsun!" şüarı ilə aksiya təşkil ediblər.

Iran -- Təbriz Universitetində etiraz, 10 noyabr, 2015