Ərdoğan Suriya kürdlərini silahı yerə qoymağa çağırır

SDF döyüşçüləri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalındakı kürd qüvvələri əlavə qan tökülməsinə yol verməmək üçün silahı yerə qoymağa və özlərini buraxmağa çağırıb. Ərdoğan yanvarın 21-də parlamentdə Ədalət və İnkişaf Partiyasının (AKP) üzvləri qarşısında çıxış edib.

Ərdoğan bildirib ki, Türkiyə bir gün öncə SDF ilə Dəməşqin əldə etdiyi atəşkəs razılaşmasını alqışlayır və ümid edir ki, qrupun tam inteqrasiyası Suriyada yeni bir dövrün başlanğıcı olacaq.

"Ümid edirik ki, bu məsələ artıq heç bir qan tökülmədən birdəfəlik həll olunsun, hazırda Suriyanın şimalına sıxışmış terror təşkilatı silahı yerə qoysun, özünü buraxsın və daha heç bir qarşıdurma olmasın", – o bildirib.

Ərdoğan əlavə edib ki, silahların yerə qoyulması yeganə çıxış yoludur, hər hansı təxribat "intihara cəhd" olar.

O, Türkiyədəki kürdləri silahlı qrupların təxribatlarına uymamağa çağırıb, hökumətin PKK ilə sülh prosesini davam etdirəcəyini bildirib.

Suriya Demokratik Qüvvələrinin geri çəkilməsinin ardından hökumət qüvvələri Rəqqa şəhərinə daxil olublar.

19 yanvar

Suriya hökuməti kürd qüvvələri ilə genişmiqyaslı inteqrasiya üzrə razılığa gəlib

Yanvarın 18-də Suriya hökuməti əsas kürd silahlı dəstəsi ilə genişmiqyaslı razılaşma əldə edib. Tərəflər kürdlərin mülki və hərbi strukturlarının mərkəzi hökumətin nəzarətinə verilməsinə razılaşıblar. Bununla da günlərdir gedən döyüşlərə son qoyulub. Suriya qoşunları əsas neft yataqları da daxil olmaqla bəzi əraziləri ələ keçirmişdi.

ABŞ-nin elçisi Tom Barrak bunu "həlledici dönüş nöqtəsi" adlandırıb. Amma onu da deyib ki, hərtərəfli inteqrasiya sazişinin detalları ilə bağlı çətin iş qarşıdadır.

"Reuters" yazır ki, razılaşmanın şərtləri kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinə (SDF) ciddi zərbə sayılır. Bu qruplaşma 10 ildən çoxdur Suriyanın şimal-şərqində yarımmuxtar bölgəni idarə edir.

SDF rəhbəri Məzlum Abdi qruplaşmanın ərəb əhalinin üstünlük təşkil etdiyi iki vilayətdən çıxmağa razılaşdığını bildirib. Söhbət ölkənin əsas neft və buğda istehsalçısı olan Deyr əz-Zor və Fərat çayı üzərində mühüm su-elektrik bəndlərinin yerləşdiyi Rəqqadan gedir.

SDF Bəşər Əsəd 2024-cü ilin sonlarında devriləndən sonra Suriyanı idarə edən islamçı hökumətə inteqrasiya olunmağa qarşı çıxırdı.

Abdi əş-Şaraa ilə görüşəcək

Suriya prezidentliyinin yayımladığı 14-maddəlik razılaşmada Suriya prezidenti Əhməd əş-Şaraa və Abdinin imzaları yer alıb. Dövlət mediası sənədin ayrı-ayrılıqda imzalandığını bildirib.

Kürd mediası yazır ki, Abdi yanvarın 19-da Dəməşqdə Şaraa ilə görüşəcək, geri qayıtdıqdan sonra razılaşmanın detallarını ictimaiyyətlə bölüşəcək. O, şimal-şərqdəki kürd bölgəsində əldə olunmuş uğurları qoruyacaqlarını bildirib: "Biz bu müharibəyə məcbur olunduq. Onun qarşısını almaq istəyirdik, amma təəssüf ki, bir çox qüvvə onu planlaşdıraraq bizə sırıdı".

ABŞ həm SDF-i, həm də əş-Şaraanı dəstəkləyir. Onların savaşı Vaşinqtonu küncə sıxışdırmışdı. ABŞ Suriyanı mərkəzi hökumətin nəzarəti altında birləşdirmək vədi verib.

Amma "Reuters" Suriya qüvvələrinin bazar günü də irəlilədiyini yazır. Razılaşma əldə olunmazdan öncə aparıcı kürd komandir agentliyə deyib ki, ABŞ döyüşləri dayandırmaq üçün daha qətiyyətlə müdaxilə etməlidir.