Suriyada Əsədə bağlı silahlıların hücumunda ölənlər var

Suriya qoşunları Latakiyaya gedir

Suriya hökumət qüvvələri ilə ötən ilin dekabrında devrilmiş Bəşər Əsəd rejiminin tərəfdarları arasında silahlı toqquşma olub.

Hökumət Cəblə bölgəsində baş verən qarşıdurmalarda təhlükəsizlik qüvvələrinin ən azı 13 üzvünün öldürüldüyünü bildirib.

Bölgə rəsmisi bildirib ki, təhlükəsizlik qüvvələri "Əsəd silahlılarının qalıqları" tərəfindən yaxşı planlaşdırılan pusquda hücuma məruz qalıb.

Britaniyada yerləşən monitorinq qrupu - Suriya İnsan Hüquqları Müşahidə Qrupu Cəblə bölgəsindəki pusquda ən azı 16 təhlükəsizlik əməkdaşının və dörd mülki şəxsin həyatını itirdiyini bildirib.

Qeyd olunub ki, silahlı toqquşmada Əsədə sadiq onlarla döyüşçü də öldürülüb və ya yaralanıb. Monitorinq qrupu X sosial şəbəkəsindəki paylaşımında "Suriya sahilində Müdafiə və Daxili İşlər nazirliklərinin üzvləri ilə keçmiş rejimin ordusunun silahlıları arasında qanlı qarşıdurmalar və pusqular nəticəsində 70-dən çox adam ölüb, onlarla insan yaralanıb və ələ keçirilib" yazıb.

Monitorinq qrupunun rəhbəri Rami Əbdurrəhman polis qüvvələrini pusquya salan silahlıların ələvilər olduğunu bildirib. O, bu döyüşləri "rejimin devrilməsindən bəri ən ağır qarşıdurmalar" olaraq xarakterizə edib.

Ələvi fəallar isə iddia edirlər ki, onların icması Əsəd hökumətinin devrilməsindən sonra zorakılıq və hücumlara məruz qalıb.

Əyalətin təhlükəsizlik rəisi, polkovnik-leytenant Mustafa Kunayfati bildirib ki, Əsədə bağlı silahlı qruplar tez-tez Cəblə bölgəsindəki təhlükəsizlik patrullarını və nəzarət-buraxılış məntəqələrini hədəfə alır.

Qərb sanksiyaların ləğvini nəzərdən keçirir

Suriyanın yeni hökuməti 13 illik vətəndaş müharibəsindən sonra ölkədə vəziyyəti sabitləşdirmək üçün mübarizəsini davam etdirdiyi zamanda Qərb ölkələri də Əsəd rejimini təcrid etmək üçün tətbiq olunan sanksiyaların ləğvini nəzərdən keçirir. Ancaq Qərb yeni hökumətdən demokratiya və insan haqlarının inkişafı istiqamətində addımlar gözləyir.

Martın 6-da Böyük Britaniya Suriya Mərkəzi Bankının və 23 digər qurumun – banklar, neft şirkətləri və "əvvəllər Əsəd rejimi tərəfindən Suriya xalqının müstəqilliyini boğmaq üçün istifadə edilən" digər qurumların dondurulmuş aktivlərini açıb. Bu barədə Britaniya Xarici İşlər Nazirliyi bildirib.

Fevralda isə Avropa İttifaqı sanksiyaları qüvvədə saxlayaraq Suriya Mərkəzi Bankına qoyulan məhdudiyyətləri yüngülləşdirib. Bununla belə, Vaşinqton Suriya Mərkəzi Bankına qarşı sanksiyaları qüvvədə saxlayıb.