Yolu azaraq Azərbaycan ərazisinə keçən Surik Matevosyanın geri qaytarıldığı bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, yanvarın 13-də saat 16:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonu ərazisində Surik Matevosyan adlı şəxsin yolu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub:
“S.Matevosyan Rusiya sülhməramlılarına təhvil verilib”.
Bundan əvvəl AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Sunik vilayətinin Teğ kəndindən Surik Matevosyanın qoyun otararkən azıb Azərbaycan tərəfinə keçdiyi barədə məlumat vermişdi.
Azatutyun bunu da bildirirdi ki, Aravus-Xnatsax otlağı Azərbaycan mövqelərinin 100 metrliyində yerləşir.
Xatırlatma
Qarabağ münaqişəsi ilə bağlı hazırda Azərbaycan və Ermənistan arasında gərginlik var.
Bu münaqişə müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Amma 2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.