Sürət Hüseynov vəfat edib

Surət Hüseynov 2004-cü ildə

Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun bugün, iyulun 31-də Türkiyənin İstanbul şəhərində xəstəxanada vəfat etdiyi bildirilir.

Bu barədə Azərbaycanın yerlı saytlarına onun yaxınları danışıb. Onun mədə və ürək ağrılarından şikayət etdiyi vurğulanır.

Keçmiş baş nazirin yaxınları onun bir neçə gün əvvəl də Rusiyada insult keçirdiyini deyirlər.

Keçmiş hərbi hissə komandiri, polkovnik...

Surət Davud oğlu Hüseynov 1959-cu ildə Gəncədə (ovaxtkı Kirovabad) doğulub.

Keçmiş hərbi hissə komandiri (polkovnik), milli qəhrəman Sürət Hüseynov və tərəfdarları 1993-cü ilin iyununda Azərbaycan hakimiyyətinə itətsizlik göstərib.

Bu hadisədən az öncə prezident Əbülfəz Elçibəyin istəyi ilə Rusiya qoşunları Azərbaycandan çıxarılmışdı.

Hərbi itaətsizlikdən sonra Elçibəy paytaxt Bakını tərk edərək doğulduğu Kələki kəndinə gedib.

Parlament prezidentə etimatsızlıq göstərib. Həmin il keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyev qalib elan edilib.

O polkovnik Sürət Hüseynova baş nazir postunu verib. Lakin bir il sonra polkovnik yenidən dövlət çevrilişinə cəhddə ittiham edilib. 1994-cü il oktyabrın 6-da Surət Hüseynov Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən azad edilib, onun bəzi tərəfdarları həbs olunub.

1994-cü il oktyabrın 14-də Milli Məclis Surət Hüseynovun barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsinin tövsiyə olunması haqqında qərar qəbul edib. Amma o ölkəni tərk edib.

1997-ci ildə Rusiyada saxlanaraq Azərbaycana gətirilən Hüseynov məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.

2004-cü il martın 17-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə Surət Hüseynov azadlığa buraxılıb.

O dövlət çevrilişi və başqa ağır cinayətlərlə bağlı ittihamları qəbul etməyib.