Sudanın devrilmiş prezidenti 2 il azadlıqdan məhrum edilib

Omar al-Bashir məhkəmə qarşısında, 19 avqust 2019

Sudanın devrilmiş prezidenti paytaxt Xartumda iki il azadlıqdan məhrum edilib. "Əl Cəzirə" televiziyasının verdiyi məlumata görə, 75 yaşlı Omar Al Bashir qanunsuz xarici valyuta saxlama, xaricdən pul alma və çirkli pulların yuyulmasında ittiham edilir. Yaşına görə keçmiş prezidentin cəzasını islah mərkəzində çəkəcəyii bildirilir.

Omar Al Bashir bu ilin aprelində kütləvi etiraz aksiyalarından sonra hərbçilər tərəfindən devirilib. Sudanda iqtisadi süarlarla başlayan aksiyalar sonradan prezidentin istefası tələbi ilə davam etdirilib.

Reuters-ə görə, etiraz edənlərin öldürülməsində təşviq və iştirak etmə ilə bağlı may ayında ona qarşı daha iki ittiham irəli sürülüb. Həmçinin Omar Al Bashir onu hakimiyyətə gətirən 1989-cu il hərbi çevrilişdəki rolu ilə əlaqədar dekabr ayında dindirilməyə də çağrılıb.

Bundan əlavə, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən ona qarşı çıxarılan iki həbs qərarı da var. O, soyqırım, bəşəriyyətə qarşı cinayətlər və Sudanın Darfur əyalətindəki hərbi münaqişə zamanı törədilən müharibə cinayətlərində də ittiham edilir.