Bu gün, fevralın 22-də Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsidir. (Novruzun gəlişindən asılı olaraq, hər il bir neçə gün fərqlə qeyd edilir)
Novruz bayramına dörd həftə qalmış dörd ünsür - su, od, yel və torpaqla bağlı çərşənbələr təntənəli şəkildə keçirilir.
Adətə görə, hələ gün doğmamışdan insanlar su üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzərinə su çiləyərlər. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoyurlar. Başqa çərşənbələr kimi, tonqal da qalayarlar.
Su çərşənbəsinin öz adətləri var. Bu çərşənbədə, adətən, arxlar səliqəyə salınır, hovuzlar təmizlənir. Torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir.
Azərbaycanda bu il martın 1-də Od, martın 8-də Yel, martın 15-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.
2022-ci ildə yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 19:33-də qədəm qoyacaq.