ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Azərbaycan və Ermənistan arasında münaqişənin yekun həllinin çox yaxın olduğunu deyib.
Xüsusi nümayəndə Uitkoff bu barədə ABŞ-nin "Breitbart" xəbər saytına müsahibəsində danışıb: "Azərbaycan və Ermənistanla bağlı biz inanırıq ki, münaqişənin yekun həllinə – son razılaşmaya çox, çox yaxınlaşmışıq".
Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Bakı və Yerevanın "Abraham Sazişi"nə qoşula biləcəyi ehtimalına da toxunub.
"İnanıram ki, hər ikisi (Azərbaycan və Ermənistan) "Abraham Sülh Sazişi"nə qoşulmağa hazır ola bilər. Bu, prezident Donald Tramp üçün böyük təşəbbüsdür. O, buna inanır. Bu, ümumilikdə regionda sülh və sabitliyə kömək edir", - o əlavə edib.
ABŞ rəsmisi, həmçinin yaxın gələcəkdə bir sıra ərəb ölkələrinin də İsraillə münasibətlərin normallaşdırılmasına yönəlmiş "Abraham Sazişi"nə qoşulacağına ümid etdiyini qeyd edib. "Mənim proqnozum odur ki, nisbətən yaxın gələcəkdə Livan və hətta Suriya da "Abraham Sazişi"nə qoşula bilər", - Uitkoff bildirib.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu yaxınlarda saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.