İyulun 13-də Gədəbəyin Söyüdlü kəndində qızıl yatağını istismar edən şirkətin fəaliyyəti müvəqqəti dayandırılıb.
İyunun 20-də Söyüdlü sakinləri "Gədəbəy" yatağından qızıl hasilatı və emalı şirkətinin çirkab suları üçün ikinci süni gölün qurulmasına etiraz ediblər. Polis etirazlara müdaxilə edib, saxlananlar olub.
Məsələnin araşdırılması üzrə komissiyanın ikinci iclasında baş nazir Əli Əsədov Söyüdlüdəki şirkətin işindəki nöqsanları tənqid edib. O qeyd edib ki, tullantı anbarının istismar imkanlarının artırılması ilə bağlı şirkət qarşısında heç bir tələb qoyulmayıb, məhdudlaşdırıcı hasarlar çəkilməyib. İcra hakimiyyəti orqanları ilə razılaşdırılmadan tullantı anbarında müxtəlif illərdə üç dəfə inşaat işləri aparılıb, tullantı su anbarının tikintisinə dair layihə sənədləri ekspertizadan keçirilməyib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Prezidentin tənqid etdiyi şirkət Gədəbəyə necə gəlib çıxıb?
Ərazidə ekoloji və geoloji audit aparılması məqsədilə beynəlxalq şirkət dəvət olunub və onun yaxın günlərdə Azərbaycana səfəri gözlənilir, iclasda bu haqda məlumat verilib.
Əsədov bildirib ki, Söyüdlü kəndində şirkətin fəaliyyət göstərdiyi ərazidə 2018-ci ildən bəri monitorinq aparılmayıb və bunu "ciddi nöqsan" adlandırıb. Onun dediyinə görə, Söyüdlüdə təbiətə, insanların sağlamlığına yaranmış təhlükəni nəzərə alaraq şirkətin fəaliyyətinin müvəqqəti dayandırılmasına qərar verilib.
Bu deyilənlərə istismarçı şirkətin münasibəti bəlli deyil. Ancaq Britaniyanın Azərbaycanda qızıl hasil edən "Anglo Asian Mining Plc." şirkətinin rəhbəri Rza Vəziri bir müddət öncə AzadlıqRadiosuna demişdi ki, mədənçilik fəaliyyətlərini ən yüksək beynəlxalq standartlar əsasında aparırlar: "Ekologiya Nazirliyinin nümayəndələri orada olublar, yoxlayıblar və bildiriblər ki, heç bir pozuntuya yol verilməyib".
İyulun 11-də Prezident İlham Əliyev hökumətin müşavirəsində Söyüdlüdəki etirazlardan danışıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu məsələdə ən azından səhlənkarlıq etdiyini deyib.
İyunun 20-də Söyüdlüdə etirazlar zamanı 10 nəfərə yaxın şəxsin xəsarət aldığı və rəsmi olaraq beş nəfərin inzibati həbs olunduğu deyilir. İyunun 22-də isə kəndin girişinə və çıxışına polis postları qurulub.