Söyüdlü kəndində fəaliyyət göstərən müəssisə təhlükəsizlik, ekoloji, sanitar qaydalarda pozuntulara yol verib, istismar və tikinti prosesində müvafiq icra orqanlarının razılığı alınmayıb.
"Turan"ın məlumatına görə, bu barədə Söyüdlü ərazisində monitorinqlərin aparılması üçün yaradılan Komissiyanın təklif paketində deyilir.
İyulun 13-də Söyüdlüdə qızıl yatağını istismar edən "Anglo Asian Mining" şirkətinin fəaliyyəti müvəqqəti dayandırılıb.
Komissiya təklif edir ki, beynəlxalq şirkətlərin iştirakı ilə ərazidə ekoloji audit aparılsın, tullantı anbarının reabilitasiya və rekultivasiya planı hazırlansın. Mövcud tullantı anbarı və bəndinin dayanıqlılığı yoxlanılsın, ətraf mühitin sağlamlaşdırılması tələbləri tam yerinə yetirilsin.
Şirkət istehsalatda müasir texnologiyalar tətbiq edərsə, fəaliyyətini davam etdirə bilər, bu da təklif paketində qeyd olunur. İstismarçı şirkət üzərinə yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, Söyüdlü kəndində korporativ tibbi, sosial layihələrin gerçəkləşdirilməsi tələbləri də qoyulur.
Buna da bax:
Söyüdlüdəki şirkətin fəaliyyəti dayandırılıbXatırlatma
İyunun 20-də Söyüdlü sakinləri "Gədəbəy" yatağından qızıl hasilatı və emalı şirkətinin çirkab suları üçün ikinci süni gölün qurulmasına etiraz ediblər. Polis etirazlara müdaxilə edib, saxlananlar olub.
İyulun 11-də Prezident İlham Əliyev hökumətin müşavirəsində Söyüdlüdəki etirazlardan danışıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu məsələdə ən azından səhlənkarlıq etdiyini deyib.