Şoyqu '3+3' platformasının bərpasını vacib sayır

Sergey Şoyqu

Cənubi Qafqazdakı vəziyyət yaxşılaşmağa doğru meyllidir, sülh prosesinin irəliləməsi üçün "3+3" regional məşvərət qrupunun fəaliyyətinin bərpası vacibdir. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu noyabrın 5-də deyib. TASS xəbər verir ki, o, Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin XIII görüşündə çıxış edib.

"Ümumilikdə Cənubi Qafqazdakı vəziyyətin yaxşılaşma tendensiyası müşahidə olunur. Fikrimizcə, sülh prosesi ilk növbədə regional çərçivədə gerçəkləşdirilməlidir. Bu baxımdan, "3+3" regional məşvərət platformasının fəaliyyətinin bərpası vacibdir", – o deyib.

Şoyqu regionda nəqliyyat və kommunikasiya xətlərinin açılmasının əhəmiyyətini vurğulayıb, bu barədə üçtərəfli işçi qrup çərçivəsində razılıq əldə olunduğunu qeyd edib.

"Moskva Ermənistan və Azərbaycan arasında vəziyyətin sabitləşməsinə, həmçinin ikitərəfli münasibətlərin normallaşmasına çalışır". Bunu isə S.Şoyqu Moskvada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə deyib. O, Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına çox böyük töhfə verdiyini, regionda sülhün nəhayət bərqərar olduğunu söyləyib.

S.Şoyqu azərbaycanlı həmkarı Ramil Usubovla da görüşməlidir.

"3+3" formatı 2020-ci ildə 44 günlük Qarabağ müharibəsindən sonra Türkiyə və Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüsdür. Üç Cənubi Qafqaz ölkəsi üstəgəl Rusiya, Türkiyə və İranın iştirakını nəzərdə tutur. Məqsəd regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası idi. Amma Gürcüstan Rusiyaya görə danışıqlara qatılmayıb, görüşlər "3+2" formatında keçirilib.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları gedib. Bu il avqustun 8-də tərəflər ABŞ-nin vasitəçiliyi ilə sülh sazişini paraflayıblar.