Rusiyada aksiya keçirən 20-dən çox ifrat-sol təmayüllü saxlanıb

Başqa Rusiya qrupunun Sankt Peterburq şəhərində keçirdiyi aksiya zamanı saxlananlar olub

Rusiyanın Sankt Peterburq şəhərində icazəsiz aksiya keçirən 20-dən çox ifrat sol təmayüllü millətçi saxlanıb.

Başqa Rusiya adlanan bu müxalifət qrupunun onlarca üzvü şəhərin əsas küçəsi olan Neva prospektində bolşevik inqilabının 100 illiyini qeyd etməyə cəhd göstərirdi.

Onlar Neva prospektindəki binaların birinin damından salladıqları böyük bayrağın üstündə yazılmış şüarla Rusiyada kommunist rejiminin 70 illik hakimiyyətinin əsasını qoymuş Vladimir Lenini “oyanmağa” çağırırdılar.

Toplantını dağıdan polis 23 fəalı saxlayıb.

Başqa Rusiya qrupunun lideri Eduard Limonov Sankt Peterburqun mərkəzində keçirilən bu aksiyanı “inqilabi nümayiş” adlandırıb.

Limonovun özü aksiya iştirakçılarının arasında olmayıb.

Noyabrın 5-də polis Rusiyada Milli Birlik günündə Moskvanın mərkəzi hissəsində antihökumət mitinqi keçirən yüzlərlə fəalı həbs etmişdi.