Bu gün, sentyabrın 21-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan gələn yeddi şikayət üzrə qərar qəbul edib. Ərizələr birləşdirilib, yekunda bir qərar çıxarılıb.
Bu barədə AzadlıqRadiosuna məlumat verən hüquqşünas Xalid Ağalıyev deyib ki, ərizəçilər Zülfiyyə Əliyeva və başqaları Səbail rayon sakinləridir.
Hüquqşünasın vurğulamasına görə, işdə bildirilir ki, onların mənzilləri 2011-12 illərdə sökülüb: "Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ılə. Mənzillərin yerində yol tikintisi nəzərdə tutulub".
Şikayətdə bildirildiyinə görə, hər kvadratmetr üçün ailələrə 1500 manat təzminat ödənilib, amma bu məbləğin 30 faizi həcmində əlavəni sakinlər almayıblar.
X.Ağalıyevin deməsinə görə, AİHM-ın qərarına görə, Azərbaycan hökuməti ümumilikdə 64 min 30 avro ödəməlidir.
Qərara Azərbaycanın cavabdeh rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.