SOCAR İzmirdə tikintidən imtina etdi

SOCAR

SOCAR Türkiyənin İzmir şəhərinin Aliağa qəsəbəsində kömür elektrik stansiyasının tikintisindən imtina edib.

Bu haqda APA Kömür Yanacağı Əleyhdarları Təşəbbüsünə istinadən xəbər verir.

672 meqavat gücündə olan stansiya SOCAR-ın Aliağa qəsəbəsindəki neft-emal zavodunun enerji ehtiyacını ödəməli idi. Lakin «Greenpeace Akdeniz», «Bankwatch» və «Banktrack» kimi təşkilatların müdaxiləsindən sonra Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) layihənin maliyyələşdirilməsini dayandırıb.

«Türkiyənin vətəndaş cəmiyyəti may ayında Aliağada keçirdiyi aksiyada «Kömürdən qurtul!» mesajını verib. Müdaxiləmizdən sonra 7 kredit təşkilatı SOCAR-ın layihəsinə maliyyə dəstəyini dayandırdıqları barədə bizə rəsmi bildiriş göndərdi. SOCAR-ın verdiyi bu qərar bizim zəfərimizdir və nə qədər haqlı olduğumuzu isbat etdi», - deyə təşkilatdan bildiriblər.

Ətraf Mühit və Mədəniyyət Platformasının rəhbəri Bahadır Öztürk isə bildirib ki, Türkiyədə tikilməsi planlaşdırılan 70-dən çox kömür istilik stansiyası ilə mübarizə davam edəcək: «Ətraf mühitə böyük zərər vuran kömür layihələrinin reallaşdırılmasına icazə verməyəcəyik».

«Bankwatch»un rəsmisi Ioana Ciuta isə deyib ki, SOCAR ən düzgün qərarı verib.