Türkiyədə çevriliş cəhdindən bəri Dövlət Neft Şirkətinin (SOCAR-ın) bu ölkəyə yatırımlarının taleyi Azərbaycanda əsas müzakirə mövzularından birinə çevrilib. Söhbət bir neçə milyard dollarlıq yatırımdan gedir.
Sözügedən şirkət Türkiyədə fəaliyyətini 2011-ci ildən «SOCAR Turkey Enerji A.Ş.» adıyla davam etdirir. «SOCAR Turkey»ə bu şirkətlər daxildir: «Star Rafineri», «Petkim», «Petlim», «SOCAR Power», «SOCAR Gaz», «SOCAR Fiber» və «SOCAR Petrol Enerji Dağıtım».
NARAHATLIĞI ARTIRAN SƏBƏBLƏRDƏN BİRİ...
Narahatlığı artıran səbəblərdən biri də çevriliş cəhdiylə bağlı istintaqa şirkət əməkdaşlarının da cəlb edilməsidir. Özəlliklə «Petkim»in bir neçə vəzifəli şəxsi soruşdurulub və nəticədə, işindən getməli olub. Bütün bunlar SOCAR-ın Türkiyədəki aqibətini suallı qoyur.
Ötən həftə SOCAR prezidenti Rövnəq Abdullayev bu ölkənin prezidenti və energetika naziri ilə görüşüb. Şirkətdən açıqlanan məlumata görə, hər iki görüşdə SOCAR-ın fəaliyyəti dəstəklənib.
Buna da bax - Erdoğan-la Rövnəq Abdullayev nədən danışıb?- Həbs məsələsi...
«GERİYƏ YOL YOX»
«Caspian Barrel» Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, SOCAR prezidentinin Türkiyədəki görüşlərində, çox güman, Azərbaycanın bu ölkəyə yatırımlarının taleyindən söhbət gedib:
«SOCAR, bu ilin ilk yarısı da daxil, artıq Türkiyəyə 7.5 milyard dollar sərmayə yatırıb. Yaxın 3 ildə investisiya həcmi daha 10 milyard dollar artmalıdır. Layihələrin hamısı inkişaf mərhələsindədir, yəni start götürüb, geriyə yol yoxdur. Onlar hansısa mərhələdə ləngiyə bilər, ancaq hökmən başa çatacaq».
«ƏKS HALDA...»
Ekspertin fikrincə, Türkiyədə durumun tezliklə normallaşması Azərbaycana çox yarar saxlayacaq: «Önəmli olan Türkiyə iqtisadiyyatının əvvəlki durumunun bərpasıdır. Çünki əks halda, SOCAR-ın min bir əzabla tikib ərsəyə gətirdiyi obyektlər proqnozlaşdırılan bazar dəyərində olmayacaq. Hətta «SOCAR Turkey Enerji A.Ş.» öz səhmlərinin bir hissəsini birjalarda hərraca çıxarsa da, cəlb edilən kapital yetərincə az olacaq. O üzdən, Türkiyənin inkişafı, hesab edin ki, həm də SOCAR-ın dirçəlməsi deməkdir».