Birgə məlumat: 'Meyit üzərində xəsarət aşkar edilməyib'

Baş Prokurorluq

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi avqustun 2-də Siyəzəndə saxlanılan və bir neçə saat sonra xəstəxanada vəfat edən 31-yaşlı Tural İsmayılovun ölümünə dair məlumat yayıb.

Məlumatda deyilir ki, Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən T.İsmayılovun evində axtarış zamanı 8 ədəd bükülüdə psixotrop maddə olan metamfetamin aşkarlayaraq götürüblər.

Bildirilir ki, elə həmin gün saat 22 radələrində onun səhhəti saxlanıldığı Müvəqqəti Saxlanma Yerində pisləşdiyindən Siyəzən Regional Diaqnostika və Müalicə Mərkəzinə yerləşdirilib, amma həkimlərin səyinə baxmayaraq, T.İsmayılov orada ölüb.

Birgə məlumatda deyilir ki, ilkin xarici müayinə zamanı meyit üzərində xəsarət aşkar edilməyib.

AzadlıqRadiosu hələlik baş verənlərlə bağlı T.İsmayılovun yaxınlarından və ya vəkilindən açıqlama ala bilməyib.