Yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı və hazırda Azərbaycanda həbsdə olan 22 nəfər birlik çağırışı ilə bəyanat yayıb. ToplumTV vasitəsilə ictimaiyyətə çatdırılan bəyanatda bildirilir ki, hakimiyyət regional münaqişələrdən və beynəlxalq diqqətin başqa məsələlərə yönəlməsindən yararlanaraq repressiyaları genişləndirir. Bəyanat müəllifləri ölkə ictimaiyyətinə, ziyalılara, vətəndaş cəmiyyəti nümayəndələrinə, ölkə daxilində və mühacirətdə olan fəallara, həmçinin jurnalistlərə çağırış edirlər: onlar siyasi məhbus probleminin ictimai rəyin və cəmiyyətin əsas mövzusuna çevrilməsi üçün əllərindən gələn imkanları əsirgəməməli, beynəlxalq səviyyədə vəkillik (advokasiya) işi aparan şəxslərə dəstək verməlidirlər. Müəlliflər, eyni zamanda, mühacirətdəki aktiv kəsimi və müstəqil medianı da bu işdə ardıcıl olmağa çağırırlar.
Bu sənəd "ToplumTV işi" üzrə 15 il azadlıqdan məhrum edilən Akif Qurbanovun — III Respublika Platforması spikerinin ötən ay yaydığı çağırışa dəstək məqsədilə imzalanıb. A.Qurbanov öz müraciətində ölkə daxilindəki və xaricindəki müstəqil qüvvələri ortaq prinsiplər əsasında əməkdaşlığa və səylərini əlaqələndirməyə çağırmışdı.
Zəfər Əhmədov
"Hətta bəziləri fəaliyyətini 180 dərəcə dəyişib"
Hüquq müdafiəçisi Zəfər Əhmədov AzadlıqRadiosuna açıqlamasında həbsdə olan şəxslərin narahatlığını əsaslı sayır. Onun sözlərinə görə, siyasi məhbusların sayının artması ilə yanaşı, onların müdafiəsi istiqamətində aparılan fəaliyyətin effektivliyi də zəifləyib.
Z.Əhmədov bildirir ki, müstəqil media qurumlarına və vətəndaş cəmiyyətinə qarşı təzyiqlər müdafiə imkanlarını xeyli məhdudlaşdırıb; digər tərəfdən, beynəlxalq münasibətlərdə insan hüquqları məsələsinin arxa plana keçməsi də aparılan kampaniyaların nəticələrinə mənfi təsir göstərir. Amma hüquq müdafiəçisi bütün məsuliyyəti yalnız xarici amillərlə əlaqələndirməyin tərəfdarı deyil: "Ölkədən gedənlərin bəziləri fəaliyyət istiqamətini dəyişib. Hətta bəziləri fəaliyyətini 180 dərəcə dəyişib. Siyasi məhbuslara qarşı çıxış edənlər də var. Bunların hamısı ümumi işə təsir göstərir. Amma bununla yanaşı, fəaliyyətsizlik də mövcuddur. Bu arada, ölkədəki hicab qadağasına etirazlar fonunda siyasi məhbusların sayının 25-30 faiz artacağı da istisna edilmir".
Hüquq müdafiəçilərinin son siyasi məhbus siyahısında 322 (bəzi siyahılarda 328) nəfərin adı yer alır.
Bununla belə, hüquq müdafiəçisi ölkə daxilindəki məhdud imkanlar çərçivəsində məhkəmələrin monitorinqinin aparıldığını, siyasi məhbuslarla görüşlərin keçirildiyini və beynəlxalq qurumların ölkəyə gələn nümayəndələri ilə kommunikasiyanın davam etdiyini deyir. Z.Əhmədov bu fəaliyyətin sistemli və əlaqələndirilmiş şəkildə aparıldığını, amma ölkədə əlavə iş görə biləcək insanların sayının getdikcə azaldığını bildirir: "Bəyanatda birləşmək çağırışı var. Amma birləşəcək adam, demək olar ki, qalmayıb. Kim kiminlə birləşməlidir?".
Hüquq müdafiəçisi beynəlxalq təşkilatların fəaliyyətini də tənqid edir. Onun sözlərinə görə, Azərbaycanla bağlı görüşlərdən sonra insan hüquqları pozuntularının ictimai şəkildə gündəmə gətirilməməsi, bəyanatların isə çox vaxt yalnız narahatlıq ifadə etməklə məhdudlaşması real nəticə vermir.
Emin Aslan
Bəs ölkə xaricində müdafiə işləri necə aparılır?
Hüquq müdafiəçisi Emin Aslan bildirir ki, Avropa Şurası və Qərbin müxtəlif institutları ilə aparılan advokasiya fəaliyyətində əsas prioritet tənqidçilərin azadlığa buraxılması, həmçinin repressiyalara son qoyulmasıdır. Onun fikrincə, demokratikləşmə, hüququn aliliyi və seçkilərlə bağlı fundamental tələblər hazırda insanların azadlığı məsələsinin kölgəsində qalıb: "Əvvəllər vəkillik fəaliyyətləri daha çox Azərbaycanda QHT, media və siyasi fəaliyyətlə bağlı qanunvericiliyin dəyişdirilməsinə yönəlirdi. İndi isə vəziyyət o qədər pisləşib ki, bu məsələlər ikinci, hətta üçüncü plana keçib. Hazırda əsas tələb insanların azadlığa buraxılması, eləcə də onların ailələrinə və yaxınlarına qarşı təzyiqlərin dayandırılmasıdır".
Bununla belə, mövcud geosiyasi durum avtoritar rejimlərə repressiya siyasətini daha rahat yürütmək imkanı verir. Hüquq müdafiəçisi Rusiyanın Ukraynaya qarşı müharibəsini, Avropada sağçı qüvvələrin güclənməsini və dövlətlərin daxili problemlərə qapanmasını bu vəziyyəti şərtləndirən əsas amillər kimi göstərir.
E.Aslan beynəlxalq vəkillik fəaliyyətinin zəifləməsini həm insan, həm də maliyyə resurslarının məhdudluğu ilə əlaqələndirir: "ABŞ-nin xarici yardım siyasətindəki dəyişikliklər və maliyyə proqramlarının dayandırılması vəziyyətə ciddi təsir etdi. Əvvəllər Azərbaycana dəstək ayıran bəzi təşkilatlar maliyyələşməni yarıbayarı, bəziləri isə 70-80 faiz azaldıb".
E.Aslan mühacirətdən hüquq müdafiəsinin təşkilini Azərbaycan üçün yeni təcrübə adlandırır. O, ölkəni tərk edən jurnalist və fəalların sayca azlığına toxunaraq, onların mühacirətdə həm məişət, həm də psixoloji çətinliklərlə üzləşdiyini diqqətə çatdırır. O həmçinin 2013-2015-ci illərdə ictimai-siyasi fəalların həbslərindən fərqli olaraq, indi daha çox həbsin həyata keçirildiyini, ölkə daxilində müqavimət göstərən qüvvələrin də “sıradan çıxarıldığını” vurğulayır. Üstəlik, rəsmi Bakının Avropa İttifaqının ayrı-ayrı üzvləri ilə qurduğu iqtisadi münasibətlərdən yararlanaraq vahid təzyiq mexanizmini zəiflədə bildiyini vurğulayır.
Sizin brauzer HTML5-i dəstəkləmir
Fransa məhkəməsinin Mirzəli qərarı: Sürgündə də təqib bitmir – Sübut olundu
Fərdi kampaniyalar, yoxsa koordinasiyalı fəaliyyət?
Oktyabrda siyasi məhbus sayılan 47 nəfərin imzası ilə yayılan başqa bir bəyanatda beynəlxalq hüquq müdafiəsi fəaliyyətinin ayrı-ayrı şəxslərə deyil, istisnasız bütün siyasi məhbuslara yönəldilməsi tələb olunub. Bu müraciət iqtisadçı Qubad İbadoğlunun üzərindəki ölkədənçıxış qadağasının (STOP) götürülməsi və onun ölkədən getməsindən dərhal sonraya təsadüf edir. Məhz həmin vaxt beynəlxalq qurumların və hüquq müdafiəçilərinin fərdlərə yönəlmiş xüsusi kampaniyalar keçirməsi məsələsi yenidən gündəmə gəldi. O dövrdə AzadlıqRadiosu bu tənqidlərlə bağlı bəzi təşkilatlara sorğu ünvanlamışdı.
Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) Mərkəzi Asiya və Qafqaz üzrə tədqiqatçısı Nik Lüis AzadlıqRadiosuna cavabında qurumun diqqəti məhz Azərbaycandakı təzyiqlərin görünməmiş miqyasına və hərtərəfli xarakterinə yönəltdiyini vurğulayıb. Onun fikrincə, Azərbaycan hazırda ölkə daxilindəki müstəqil xəbər jurnalistikasını faktiki olaraq sıradan çıxarıb və azad media qurumlarını mühacirətdə fəaliyyət göstərməyə məcbur edib: "Mövcud geosiyasi şərait Azərbaycanla bağlı hüquq müdafiəsi sahəsində uğur qazanmağı xüsusilə çətinləşdirir. Bu isə o deməkdir ki, insan hüquqları təşkilatları jurnalistlərə qarşı repressiyaların layiq olduğu qlobal diqqəti görməsi və Azərbaycan rəhbərliyinin daha ciddi şəkildə cavabdehlik daşıması üçün birgə çalışmalıdırlar".
Hüquq müdafiəçisi E.Aslan fərdi kampaniyaların müəyyən hallarda nəticə verə bildiyini, amma siyasi məhbusların sayının kəskin artmasının bu yanaşmanın imkanlarını məhdudlaşdırdığını bildirir. Onun fikrincə, həbslərin geniş miqyas alması Azərbaycan hakimiyyəti ilə dialoq aparan beynəlxalq institutların işini də çətinləşdirib. Çoxsaylı məhbusun olduğu bir şəraitdə hansı işlərin ön plana çıxarılması və konkret kimlərin azadlığının tələb edilməsi ciddi problemə çevrilib.
"Böyük əfv istəyirik"
Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların varlığına dair iddiaları rədd edərək, həbs olunanların konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunduqlarını bildirir. Baxmayaraq ki, həmin şəxslər öz həbslərini məhz tənqidi fəaliyyətləri ilə əlaqələndirirlər.
Azərbaycan Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu da Azərbaycanda 300-dən çox siyasi məhbusun olması barədə deyilənləri "absurd" adlandırır. O, jurnalist və bloqerlərin həbsindən narahat olsa da, bir neçə nəfər xaric, onların peşələrinə görə yox, xaricdən qanunsuz pul gətirmək və vergi ödəməmək ittihamları ilə cəzalandırıldığını bildirir: "Biz də hüquq müdafiəçisi kimi çalışırıq ki, əfv olsun və hamı azadlığa çıxsın. Bu işlərlə əlaqəli bütün təşkilatlarla görüşlər keçirməyə çalışırıq. Onların içində xəstə olanlar da var, bunu da dilə gətiririk. Ona görə də böyük bir əfv sərəncamının olmasını istəyirik".
O, siyasi məhbusların azadlığı məsələsində beynəlxalq təşkilatlarla işləməkdənsə, Azərbaycan dövləti ilə birbaşa əməkdaşlığa üstünlük verdiyini deyir, xarici qurumların ölkəyə qarşı obyektiv mövqe tutmadığını iddia edir.
Sizin brauzer HTML5-i dəstəkləmir
ABŞ Belarusdakı kimi Azərbaycanda da məhbusları buraxdıra bilərmi? – Çağırış
Belarus və Venesuela təcrübələri Azərbaycanda təkrarlana bilərmi?
Həbsdəki jurnalist və fəalların son bəyanatında Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə venesuelalı həmkarı Mariya Korina Maçadonun təcrübələrinə istinad olunur, həmçinin Azərbaycandakı siyasi məhbusların azadlığı üçün beynəlxalq dəstəyin səfərbər edilməsi çağırışı yer alır.
Belarusda ABŞ-nin xüsusi elçisi Con Koulun ölkə lideri Aleksandr Lukaşenko ilə danışıqları yüzlərlə siyasi məhbusun azadlığı ilə nəticələnib. Venesuelada isə proses Nikolas Maduronun ABŞ hərbi əməliyyatı ilə ələ keçirilməsindən sonra başlayıb və oktyabrın 5-nə qədər 1104 siyasi məhbus azadlığa qovuşub.
Hüquq müdafiəçisi E.Aslan mühacirətdə formalaşmış icmaların miqyası və imkanları baxımından sözügedən ölkələrlə Azərbaycan arasında ciddi fərqlərin olduğunu vurğulayır. Onun sözlərinə görə, Belarusdakı repressiyalardan sonra təxminən bir milyona yaxın insan ölkəni tərk edib və qısa müddət ərzində xaricdə yenidən təşkilatlanmağı bacarıb; bu prosesə Avropa ölkələri ilə əvvəlcədən mövcud olan sıx əlaqələr də öz təsirini göstərib. Üstəlik, diasporda birbaşa siyasi fəaliyyətlə məşğul olmayan, amma ianələr və maliyyə yardımları ilə müxalifəti dəstəkləyən xeyli insan var: "Azərbaycanla bağlı isə belaruslularda, iranlılarda, hətta türklərin Almaniyada qurduqları icma kimi xaricdə formalaşmış belə bir dəstək mühiti yoxdur. Mühacirətdə hansısa strukturu qurmaq və onu davamlı yaşatmaq, demək olar ki, qeyri-mümkündür".