Yerli insan haqları təşkilatlarının hazırladıqları hesabata görə 122 nəfər siyasi məhbus 2021-ci ili həbsdə başa vurur.
Sülh və Demokratiya İnstitutunun və “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” İctimai Birliyinin birgə hazırladığı hesabata adı salınanlardan 47 nəfəri “Gəncə işi”nə görə, 27 nəfəri Tərtər işinə görə həbs edilənlərdir. Bundan başqa siyahıda jurnalistlər və blogerlər, müxalifət partiyalarının üzvləri, dindarlar da var.
Azərbaycan hökuməti isə ölkədə siyasi məhbusların olduğunu təkzib edir, onların konkret cinayət əməllərinə görə saxlandıqlarını bildirir.
Avropa Siyasət Mərkəzinin baş analitiki Amanda Paul deyir ki, hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq sazişi müzakirə olunur. O düşünür ki, insan haqlarının qorunması ilə bağlı öhdəliklərin də olacağı bu sazişin imzalanması yaxşı nəticələr verə bilər:
“Ümid edək ki, bu saziş üzərində iş tezliklə yekunlaşacaq. Biz geri baxanda görürük ki, Azərbaycanda insan haqları ilə bağlı durum Avropa İttifaqı üçün problemli olub. Bura ifadə azadlığı, media azadlığı, müxalifət partiyalarının durumu və digər məsələlər aiddir”.
Amanda Paul bildirir ki, 2021-ci ildə Azərbaycan əsasən Qarabağ müharibəsi, əsirlər məsələsinə görə gündəmə gəlib. Onun sözlərinə görə, bir çox hesabatlarda əsirlərin bir hissəsinin buraxılması alqışlanıb.
Buna da bax: Amnistiyaya düşənlər, düşməyənlər…İqtidar işindən razıdır
Azərbaycan Parlamentinin insan haqları komitəsinin sədri Zahid Oruc deyir ki, Azərbaycan hökuməti insan hüquq və azadlıqlarının təminatında üzərinə düşən mühüm işləri gerçəkləşdirib. Onun sözlərinə görə təkcə sosial, iqtisadi hüquqlar, deyil, söz və ifadə azadlığı ilə bağlı da ciddi addımlar atılıb:
“Partiyaların fəaliyyətində də, onların qeydə alınmasında da, informasiya məkanının da öz fikirlərini, plan və proqramlarını elan etməklə bağlı əvvəlki illərlə müqayisədə irəliləyişləri vurğulamaq lazımdır. Həmçinin, ilin əvvəlində “əfv”, sonra “Zəfər Amnistiyası” verildi, bu da minlərlə insanı əhatə elədi. İşğaldan azad olunmuş ərazilərə “Böyük qayıdış” istiqamətində görülən işlər insanların təməl haqqı, öz torpağında yaşamaq haqqını təmin edir”.
Amma Zahid Oruc təəssüflənir ki, bəzi qüvvələr bu görülən işləri görməziyə vururlar. Məsələn, o amnistiya aktına siyasi fəaliyyətlə məşğul olanların düşməməsinə görə, bötüvlükdə bu qərarı pisləyənləri qərəzli sayır.
Noyabrın 8-də Zəfər Günü münasibəti ilə amnistiya aktı elan olunub. Bu akt təxminən 17 min məhbusa şamil olunub, onlardan 3 min nəfəri həbs cəzası çəkənlər olub.
Müstəqil təhlilçilər bu aktı məhdud əhatə dairəsi olan, yarımçıq sənəd adlandırıblar.
Sizin brauzer HTML5-i dəstəkləmir
Azərbaycan ili 122 'siyasi məhbusla' başa vurur
Gözləntilər doğrulmayıb
Demokratik Təşəbbüslər İnstitunun rəhbəri Akif Qurbanov isə hesab edir ki, hökumətin islahat vədləri, müharibədən sonra durumun dəyişəcəyi gözləntiləri özünü doğrultmadı:
“Yəni, zaman-zaman göstərilir ki, Azərbayacanda islahlatlar başlayıb, islahatlar dərinləşir. Amma bu proses nə başlaya bilir, nə də dərinləşib bitir. Ona görə ki, hökumətin davranışı, siyasəti dəyişməyib. Siyasətin mərkəzində duran şəxs, onun baxışları dəyişmədiyinə görə də hər hansı dəyişiklik gözləmirəm”.
Akif Qurbanov düşünür ki, Azərbaycanda azad söz susdurulub, müxtalifətin, vətəndaş cəmiyyətinin imkanları əlindən alınıb. O hazırda parlamentdə müzakirəsi gedən “Media haqda” qanunu da 2022-ci ildə durumun daha da pisləşəcəyinə işarə sayır.
Vaşinqtonda yerləşən “Freedom House” təşkilatı 2021-ci ildə yaydığı insan haqları ilə bağlı hesabatında Azərbaycanı “qeyri-azad” ölkələr kateqoriyasına salıb. “Freedom House”-a görə, müharibənin nəticələri avtoritar prezident İlham Əliyevin idarəçiliyini möhkəmləndirib.