Azərbaycanda neçə siyasi məhbus var? Yeni siyahı açıqlanıb

Bakıda həbsxana

Azərbaycanda 130 siyasi məhbusun olduğu bildirilir.

Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrupun sentyabrın 1-də yaydığı məlumatda belə yazılır.

Məlumatda siyasi məhbus sayılan şəxslərin yenilənmiş siyahısı təqdim edilir.

Yeni siyahıya 130 nəfərin adı daxil edilib. İşçi qrupu bildirir ki, əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında 128 işdə siyasi motivli həbsin baş verdiyi təsbit olunub, həmin məhbuslar siyasi məhbus kimi tanınıb.

“Həmin şəxslərin 9-u jurnalist, bloger, 1-i şair, 1-i hüquq müdafiəçisi, 68-i inanclı şəxs, 3-ü ömürlük həbs olunma cəzasına məhkum olunan, 14-ü sosial etirazlarla bağlı tutulan, 2-si keçmiş dövlət məmuru, 20-si siyasi, ictimai fəal, 10-u Səid Dadaşbəyli və onunla birgə tutulanlardır”, qrupun press-relizində 2 nəfərin işinin monitorinq altında olduğu vurğulanır.

Məlumatda bildirilir ki, İşçi Qrupun bundan öncəki siyahını martın 22-də açıqlayıb. Həmin vaxtdan bu yana siyasi məhbus sayılan 22 nəfər azadlığa buraxılıb. Onlardan 9 nəfər ölkə başçısının imzaladığı əfv sərəncamı, 11 nəfəri isə cəzasının müddəti bitdiyindən azadlığa çıxıb. 2 nəfərin isə şərti azadlığa buraxıldığı vurğulanır.

“8 nəfəri (Əbülfəz Bünyadov, Orxan Baxışlı, Mirfeyzulla Seyidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Babək Həsənov, Ruslan Nəsirli) İşçi Qrup siyasi məhbus kimi tanıyaraq siyahıya əlavə edib”, press-relizdə yazılır.
Bu 8 nəfərdən biri inanclı, qalanları isə əsasən siyasi fəallar sayılırlar.

İşçi Qrup onu da qeyd edir ki, siyahı reallığı tam ifadə etmir. Onlar siyahıya daha çox şəxsin düşməli olduğunu düşünürlər.

Xatırlatma

Bu, Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı hüquq-müdafiə təşkilatlarının vahid siyahısı deyil. Azərbaycanda siyasi məhbus siyahısı hazırlayan iki yerli qrup var. Hüquq müdafiəçiləri, keçmiş məhbuslardan ibarət olan həmin qruplar vaxtaşırı siyahı hazırlayıb yayırlar. Siyahılar arasında say baxımından fərq var.

Bir ay əvvəl Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) də Azərbaycanda siyasi məhbus saydıqları şəxslərin siyahısını açıqlamışdı.

Adları SMMM tərtib etdiyi «siyasi məhbus» siyahısına daxil edilən şəxslərin sayı 150 civarında idi.

Azərbaycan hakimiyyəti rəsmiləri isə ölkədə siyasi məhbus olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, Azərbaycanda düşüncələrinə, siyasi mənsubiyyətinə görə heç kim həbs edilmir. Hakimiyyətdəkilərin fikrinə görə, adları siyasi məhbus siyahısında yer alan insanlar törətdikləri əməllərlə bağlı məsuliyyətə cəlb ediliblər.

Bir neçə siyasi məhbus sayılan şəxsin hüquqlarının pozulduğunu Avropa İnsan Hüquqları Məhkəməsi də tanıyıb.