Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq mayın 13-də siyasi məhbus saydığı şəxslərin yenilənmiş siyahısını dərc edib. Sənəddə bu il yanvarın 15-də açıqlanan 340 nəfərlə müqayisədə sayın 328-ə düşdüyü qeyd olunur. Ötən ilin dekabrında tətbiqinə başlanılan və dörd ay davam edən amnistiya ərəfəsində isə hüquq müdafiə təşkilatı ölkədə 400-ə yaxın siyasi məhbusun olduğunu bildirmişdi.
Hüquq müdafiəçiləri Leyla Yunus və Elşən Həsənov tərəfindən hazırlanan yenilənmiş sənədin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbus meyarlarına əsaslandığı qeyd olunur.
Hesabat müəllifləri siyahıdakı əsas dəyişikliklərin dindar kəsimdən sayılan insanlarla bağlı olduğunu vurğulayırlar: "Son dörd ay ərzində amnistiya aktı ilə 31 nəfər azadlığa buraxılıb. Onlardan 30-u dindar, yalnız biri — vətəndaş cəmiyyəti nümayəndəsi Rza Səfərsoydur. Eyni zamanda, amnistiya dövründə dindarların yeni həbs dalğası başlayıb və məhkəmələrdə onlara qarşı yenidən narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb".
Siyahıda yer alan 328 nəfər 12 qrup üzrə təsnif edilib:
- Dindarlar – 182 nəfər
- Müxalif partiya və vətəndaş cəmiyyəti üzvləri – 44 nəfər
- Jurnalistlər və bloqerlər – 31 nəfər
- "İmişli işi" üzrə həbs olunanlar – 15 nəfər
- "Gəncə işi" üzrə məhkumlar – 13 nəfər
- Ömürlük azadlıqdan məhrum edilənlər – 12 nəfər
- Hüquq müdafiəçiləri – 8 nəfər
- "Tərtər işi" üzrə məhkum edilənlər – 8 nəfər
- Avropadan deportasiya olunmuş siyasi mühacirlər – 6 nəfər
- Milli azlıq fəalları – 5 nəfər
- "Söyüdlü işi" üzrə fəallar – 2 nəfər
- Müharibə əleyhinə fəallar – 2 nəfər
"Söyüdlü işi" 2021-ci ildə Gədəbəydə ekoloji tələblərlə keçirilən aksiyanı, "İmişli işi" 2025-ci ildəki yerli etirazları, "Tərtər işi" 2017-ci ildə dövlətə xəyanətdə şübhəli bilinənləri, "Gəncə işi" isə 2018-ci il iğtişaşlarını əhatə edir.
Hələlik, bu siyahıya Azərbaycanda rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Hazırda Azərbaycanda siyasi məhbuslarla bağlı vahid siyahı mövcud deyil və digər bəzi hüquq müdafiəçiləri bu rəqəmin daha az olduğunu iddia edirlər. Rəsmi Bakı isə ölkədə, ümumiyyətlə, siyasi məhbus olmasını rədd edir. Rəsmi rəyə görə, siyahıda adları çəkilən şəxslər siyasi fəaliyyətlərinə görə deyil, konkret törətdikləri əmələ görə mühakimə olunublar.