Şirvanda zavodda qəza. Bir işçinin həlak olduğu deyilir

Müdafiə Sənayesi Nazirliyi

Bu gün, noyabrın 14-də günorta saatlarında ""Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturundakı "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərindəki zavodlarından birində istehsalat qəzası baş verib.

Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Məlumata görə, müəssisənin bir əməkdaşı həlak olub.

"Hazırda aidiyyəti qurumlar araşdırmalar aparır", - nazirlik əlavə edir.

"Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC prezidentin 2023-cü il sentyabrın 9-da imzaladığı fərman ilə yaradılıb və Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Xatırlatma

Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən müəssisələrində bundan əvvəl də insan tələfatı ilə müşahidə edilən olaylar baş verib. 2023-cü ilin iyulunda nazirliyin Şirvan şəhərindəki zavodunda partlayışda bir nəfərin öldüyü, bir nəfərin isə əlindən xəsarət aldığı açıqlanmışdı.

2016-cı ildə isə həmin zavodda partlayış nəticəsində iki nəfər həlak olub, azı 10 nəfər yaralanmışdı.

Həmin olaydan bir il əvvəl, iyulun 6-da da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Telemexanika" zavodunda partlayış olmuşdu. Onda isə bir nəfərin öldüyü, 11 nəfərin yaralandığı deyildi.

Həmin partlayışlarla bağlı cinayət işləri açılsa da, sonradan onların təfərrüatları ilə bağlı ictimaiyyətə geniş açıqlama verilməyib.