Şimali Makedoniya hökuməti və vətəndaşları ən azı 59 nəfərin öldüyü və 150-dən çox insanın yaralandığı gecə klubundakı yanğınla bağlı cavablar axtarır. Müəssisənin fəaliyyət icazəsinin qanuniliyi barədə suallar da meydana çıxıb.
Ölkənin səhiyyə naziri Arben Taravari ölənlərin sayının arta biləcəyini deyib.
Səlahiyyətlilər bildirib ki, martın 15-də "Pulse" gecə klubunda konsert zamanı şou üçün pirotexniki vasitədən istifadə izdihamlı klubda yanğına səbəb olub. Həmin klubun fəaliyyət göstərmək üçün müvafiq lisenziyaya sahib olmadığı güman edilir.
"Bu məsələdə rüşvət və korrupsiyanın rol oynadığına inanmaq üçün səbəblərimiz var", - ölkənin daxili işlər naziri Pançe Toşkovski mətbuat konfransında bildirib. "Klubda 500-ə yaxın adam var idi. 250 bilet satılmışdı", - o, əlavə edib.
Nazir gecə klubunun tavanının yanar materialdan hazırlandığını və pirotexniki qığılcımlardan alovlandığını, qatı tüstünün sürətlə bütün binaya yayıldığını deyib. Sosial şəbəkələrdə yayılan videoda alovların binanın damından qalxdığı görünür.
DİN rəhbəri dörd nəfər barəsində həbs orderi verildiyini bildirsə də, onların kimliyini açıqlamayıb. O deyib ki, cinayət istintaqında təxminən 20 nəfərin adı keçir, lakin onlardan bəziləri yanğın nəticəsində ölüb, bəziləri isə xəstəxanadadır.
Daxili işlər naziri ölkədə belə müəssisələrin lisenziyalaşdırılmasının çox vaxt rüşvət və korrupsiya ilə əlaqəli olduğunu qeyd edib.
Prokuror isə ətraflı məlumat vermədən keçmiş iqtisadiyyat naziri Kreşnik Bekteşinin dindirilmək üçün çağırıldığını təsdiqləyib.