COVID-19 klinikasında azı 14 nəfər ölüb

Skopye, arxiv fotosu

“Hər şey yanırdı, yanğın söndürülərkən biz meyit çıxarırdıq”

Şimali Makedoniyada koronavirus xəstələrinin müalicə olunduğu müvəqqəti mərkəzdə yanğın olub, azı 14 nəfərin həlak olduğu bildirilir.

Ölkənin səhiyyə nazirliyinin məlumatına görə, hadisə sentyabrın 8-də axşam şimal-qərbdəki Tetovo şəhərində modul tipli mərkəzdə baş verib. Yanğın söndürülüb.

“On nəfərin öldüyü təsdiqlənib, amma bu rəqəm arta bilər. Çox kədərli bir gündür”, – Səhiyyə naziri Venko Filips Twitter-də yazıb.

Yanğına xəstələrin müalicəsi üçün istifadə olunan oksigen balonlarının partlamasının səbəb olduğu bildirilir. Şəhərin yanğınsöndürmə departamentinin rəis müavini Sasi Trayçevski deyib ki, “hər şey yanırdı, yanğın söndürülərkən biz meyit çıxarırdıq”.

Yerli vaxtla axşam saat 7-də baş vermiş yanğın zamanı xəstəxanada neçə xəstənin olduğu bilinmir. Paytaxt Skopyedə xəstəxanaya yaralılar köçürülüb.

Avqustun əvvəlindən Şimali Makedoniyada koronavirusa yoluxmalar artır. Hökumət kafelərə, restoranlara, ictimai tədbirlərə girişlərə məhdudiyyətlər tətbiq edib.