Şarl Mişel Əliyev və Paşinyanla danışıb, tərəflər bir-birini ittiham ediblər

İlham Əliyev (sol), Çarlz Mişel və Nikol Paşinyan, Brüssel, 31 avqust 2022

Martın 25-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıb.

Bu barədə Şarl Mişel tvitter səhifəsində məlumat paylaşıb.

Avropa İttifaqı Şurasının Prezidenti telefon danışığı zamanı bölgədəki son vəziyyətin müzakirə olunduğunu bildirib. Həmçinin əlavə edib ki, Avropa İttifaqı ölkələrinin normallaşma prosesini və regionda sülh və sabitliyi inkişaf etdirməsinə kömək etməyə hazır olduğunu vurğulayıb.

Telefon danışığı ilə bağlı Azərbaycan prezidenti mətbuat xidmətinin günün sonunda yaydığı məlumatda qeyd olunur ki, Şarl Mişel Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib.

Məlumatda bildirilir ki, İlham Əliyev Laçın-Xankəndi yolunun bağlı olması ilə bağlı Ermənistanın irəli sürdüyü iddiaların doğru olmadığını deyib və dekabrın 12-dən indiyə qədər Laçın yolundan Rusiya sülhməramlılarına və Qırmızı Xaça məxsus 5 minə yaxın nəqliyyat vasitəsi keçdiyini bildirib.

Məlumatda vurğulanır ki, İlham Əliyev Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirildiyini bildirib.

Qeyd olunur ki, danışıq zamanı prezident həmçinin martın 5-i və 20-də Ermənistanın və Azərbaycanın Qarabağ bölgəsindəki qeyri-qanuni erməni hərbi birləşmələrinin törətdikləri təxribatlar zamanı Azərbaycanın bir hərbçinin yaralandığını, 2 hərbçinin də həlak olduunu deyib.

"Azərbaycan Prezidenti vurğulayıb ki, bütün bunlar Ermənistanın apardığı təhlükəli siyasətin nəticəsidir."-Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Azadtutyn-un Ermənistan baş nazirinin informasiya aparatına istinadla yazır ki, telefon danışığı zamanı Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması prosesi, sülh müqaviləsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

"Paşinyan son vaxtlar Azərbaycanın sabitlik və sülh səylərinə mane olan aqressiv ritorikasından və təxribat xarakterli hərəkətlərindən narahat olduğunu bildirib." xəbərdə deyilir.

2021-ci ilin dekabrından Azərbaycan və Ermənistan arasında sülh danışıqları, əsasən, Avropa İttifaqının vasitəçiliyi ilə aparılıb. Lakin ötən ilin sonlarından bu proses dayanıb.

Buna da bax: Xarici işlər naziri: Ermənistan konstruktiv danışıqlardan əsassız şəkildə yayınır

Azərbaycan rəsmiləri buna səbəb kimi Ermənistanın bu danışıqlarda Fransa prezidentinin iştirakını istəməsini göstərib.

Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən son görüşdə Fransa prezidenti Emmanuel Makron da iştirak etmişdi.

Azərbaycan rəsmiləri hesab edirdilər ki, Fransa bu məsələdə bitərəf yox, Ermənistanın mövqeyindən çıxış edir. Hərçənd Fransa rəsmiləri də hesab edirlər ki, onlar iki ölkə arasında sülhün bərqərar olmasında maraqlıdırlar.

Buna da bax: Olaf Şolts: Azərbaycanın və Ermənistanın ərazi bütövlüyü təmin olunmalıdır

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.