Tbilisi bu dəfə ABŞ vitse-prezidentinin səfərini kənardan izləyir

Cey Di Vens

Vaxtilə Gürcüstan Cənubi Qafqazda Vaşinqtonun ən yaxın tərəfdaşı idi. Amma ABŞ-nin indiki regional diplomatiyasında onun yeri o qədər də ürəkaçan deyil. Tbilisi Çinlə əlaqələri dərinləşdirir, Rusiya ilə əməkdaşlıq edir. Vaşinqton isə diqqətini daha çox Azərbaycana və Ermənistana yönəldir.

ABŞ prezidenti Donald Tramp sülh təşəbbüsünə Azərbaycan və Ermənistanı dəvət etsə də, Gürcüstan kənarda qalıb.

2005-ci ildə ABŞ-nin keçmiş prezidenti Corc Buş Gürcüstana səfər edib. 2026-cı ildə isə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Yerevan və Bakıya gəlir, Tbilisi onun səfərini kənardan izləyir.

"İndi yerimiz haradadır? Donald Tramp Sülh Şurasına regiondakı bütün ölkələri dəvət etdi, Gürcüstandan başqa. Azərbaycan deyir ki, tranzit daha Gürcüstandan keçməyəcək. Ermənistan da Azərbaycanla sərhədini açmaq istəyir. Gürcüstan haradadır? Hansı platformadadır? Hansı müzakirələrdədir? Biz indi kimlə müttəfiqik?", – Gürcüstanda xarici siyasət üzrə təhlilçi Giorgi Tumasyan deyir.

AzadlıqRadiosunun mərkəzi xəbər xidmətinin jurnalisti Ülviyyə Əsədzadə yazır ki, onilliklər boyunca Gürcüstan Xəzərdən enerji ixracı üçün əsas tranzit marşrutu idi. Azərbaycan-Ermənistan münaqişəsi də Gürcüstanın əhəmiyyətini artırırdı. Bakı və Yerevan ötən il ABŞ-nin vasitəçiliyi ilə sülh sazişini parafladı. Təhlilçilər deyirlər ki, Gürcüstanın artıq tranzit ölkəsi kimi rolu da azala bilər.

Sanksiyalar

20 il öncə Gürcüstan Cənubi Qafqazda ən qərbpərəst demokratiya sayılırdı. 2012-ci ildə "Gürcü Arzusu" hakimiyyətə gələndən Qərb tərəfdaşları ölkənin demokratik göstəricilərində geriləmə sarıdan narahatlıq bildiriblər. Bu partiyanın qurucusu rusiyapərəst milyarder Bidzina İvanişvilidir.

"Gürcü Arzusu" 2024-cü il parlament seçkisində qələbə çaldığını bildirib. ATƏT isə seçkinin pozuntularla keçdiyini açıqlayıb. Kütləvi etirazlar zorakılıqlar yatırdılıb, həmin ilin dekabrında ABŞ Tbilisinə sanksiyalar tətbiq edib.

Ötən il Tramp administrasiyası hakimiyyətə gələndən sonra Vaşinqtonla münasibətlər daha da pisləşib.

Bidzina İvanişvili və Robin Danniqan

ABŞ-nin vəzifədən getməkdə olan səfiri Robin Danniqan AzadlıqRadiosuna müsahibəsində deyib ki, "Gürcü Arzusu" rəhbərliyi Ağ evə gizli məktubunda "təhdidedici, təhqiramiz və qeyri-ciddi dildən istifadə edib, bunu Vaşinqton çox pis qarşılayıb". Səfir Tramp administrasiyasının Gürcüstanla əlaqələrin bərpası üçün şərtlər irəli sürdüyünü açıqlayıb, onlardan biri də antiamerika ritorikasını dayandırmaq olub.

Hazırda Tbilisiyə qarşı Bayden dövründən qalan sanksiyalar, həmçinin Konqresin ötən il qəbul etdiyi MEGOBARI Aktı qüvvədədir.

ABŞ dövlət katibi Marko Rubio "Gürcü Arzusu"nun gizli məktubuna cavab hazırlayıb, Dunniqana məktubu İvanişviliyə çatdırmağı tapşırıb. Sonuncu isə səfirlə görüşdən imtina edərək deyib ki, özü ABŞ sanksiyaları altında olduğundan bunu etməsi düzgün olmaz.

Şərqə yönəlmə...

Bu gün təhlilçilər Tbilisinin tədricən şərqə – Çinə və Rusiyaya yönəldiyini deyirlər. Azərbaycan və Ermənistan isə Vaşinqtonla əlaqələri gücləndirir.

"Qafqaz kimi regionda ABŞ-nin kiçicik diqqəti belə böyük təsir yarada bilər", – bunu Böhran Qrupunun Cənubi Qafqaz üzrə aparıcı təhlilçisi Coşua Kuçera deyir.

"Gürcüstanın kəskin qütbləşmiş siyasətində hər iki tərəf ümid edirdi ki, Tramp ortaya mövqe qoyaraq onu dəstəkləyəcək. Amma Ağ ev vaxtilə ABŞ-nin yaxın tərəfdaşı olan bu ölkəyə az diqqət ayırıb", – təhlilçi vurğulayıb.

Gürcüstan liderləri yüksəksəviyyəli Qərb forumlarında, məsələn, Davosdakı Dünya İqtisadi Forumunda da görünməyib.

Artıq illərdir Gürcüstanın aparıcı rəsmiləri Vaşinqtona dəvət olunmur.

Baş nazir İrakli Kobaxidze yanvarda deyirdi ki, "Gürcüstan strateji tərəfdaşlığı təmiz bir səhifədən, konkret yol xəritəsi ilə yeniləməyə hazırdır". Amma analitiklərə görə, Tbilisinin Şərqə yönəlik addımları bunun üçün daha çox şey tələb olunacağı anlamına gəlir.

Gürcüstan baş naziri İrakli Kobaxidze Çində həmkarı Li Çianla görüşür.

... və bunun məhdud faydası

Qafqaz Universitetinin iqtisadiyyat professoru Vaxtanq Partsaniya bildirib ki, Gürcüstanın Çinə getdikcə daha çox artan yaxınlaşması Vaşinqtondakı mövqeyinə xüsusilə ziyan vurub.

"Gürcü Arzusu"nun Çini strateji tərəfdaş səviyyəsinə qaldırması, Çin şirkətlərinin Anakliya dərin dəniz limanı layihəsi kimi kritik infrastruktur sahələrinə cəlbi, Konqresdə uzun illərdir Gürcüstanı dəstəkləyən şəxslərə hücumlar Vaşinqtonda onilliklər boyu Gürcüstanı dəstəkləmiş koalisiyanı sarsıdıb. Bu səbəbdən məyusluq, sükut görürük", – Partsaniya AzadlıqRadiosuna deyib.

Təhlilçilər onu da vurğulayırlar ki, Gürcüstanın Şərqə yönəlməsi məhdud fayda verir.

Gürcüstanın Çinlə dərin tarixi və ya mədəni bağları yoxdur, vizasız rejimə və strateji tərəfdaşlıq sazişinə baxmayaraq, Pekin Gürcüstanı əsasən Rusiyanın təsir dairəsinin bir hissəsi kimi görür. Bunu isə AzadlıqRadiosuna Tbilisi Dövlət Universitetinin siyasi elmlər professoru Korneli Kakaçiya deyir.

Moskvaya gəlincə, Rusiyanın başı hələ də Ukraynada təcavüzkar müharibəyə qarışıb.

""Gürcü Arzusu"nda belə bir inanc var ki, Rusiya nə vaxtsa sədaqəti mükafatlandıra bilər, hətta Gürcüstanın ərazi bütövlüyü bərpa olunar", – deyən Kakaçiya 2008-ci il müharibəsindən sonra Rusiyanın nəzarət etdiyi Abxaziya və Cənubi Osetiyanı nəzərdə tutur.

"Amma bu baş vermir və bu, "Gürcü Arzusu" üçün böyük problemdir, çünki onlar məhz belə bir nəticəni nəzərdə tuturdular", – təhlilçi vurğulayır.