Cənubi Koreyanın paytaxtı Seul şəhərinin İtaevon rayonunda Hellouin bayramı zamanı yaranan izdiham nəticəsində ən azı 146 nəfər ölüb, 150 nəfər yaralanıb.
Bu barədə “The Korea Herald” məlumat yayıb. İnsan təlafatı dar bir küçədə toplaşan izdiham arasında olub. Associated Press yazır ki, zərərçəkənlərə kömək etmək üçün ölkənin hər yerindən 800-dən çox xilasedici cəlb edilib. Seul yanğınsöndürmə idarəsinin rəisi ölənlərin sayının arta biləcəyini və hələlik dəqiqləşdirilməmiş sayda yaralının vəziyyətinin ağır olduğunu bildirib.
Hadisə yerindən çəkilmiş videolarda xilasedicilərin zərərçəkənlərə ilkin yardım etdiyi və başqalarının altında qalan insanları çıxarmağa çalışdıqları görünür. Yerli mətbuatın məlumatına görə, İtaevonda 100 minə yaxın insan Hellouin bayramını qeyd etmək üçün küçələrə toplaşıb.
Baş vermiş hadisə ilə bağlı ölkədə milli matəm elan edilib.