Husilərin hücumları fonunda müttəfiqlər Səudiyyə Ərəbistanına dəstək üçün birləşir

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul edir

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın hərbi rəhbərləri birgə müdafiə sazişi çərçivəsində Ər-Riyada necə dəstək verə biləcəklərini müzakirə edəcəklər.

Husilər Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumətə hücumlar edib, krallıq ərazisinə dəfələrlə raket zərbələri endiriblər. Bu hücumlar dünyanın ən böyük enerji ixracatçısından neft tədarükünü pozub.

Dünən – sentyabrın 25-də husilər Səudiyyə Ərəbistanındakı hədəflərə onlarla raket və dron atdıqlarını bildiriblər. Səudiyyə Ərəbistanı husi qüvvələrinin atdığı altı ballistik raketi havada vurduğunu bildirib.

Bundan əvvəl Səudiyyə Ərəbistanı müqəddəs Məkkə şəhəri, Ciddə və ölkənin Qırmızı dəniz sahilindəki Yanbu neft limanı da daxil olmaqla, bir sıra bölgələrdə fövqəladə xəbərdarlıq elan edib.

Bu arada Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin xarici işlər nazirləri avqustda imzalanmış "Məkkə Birgə Müdafiə Sazişi" çərçivəsində görüş keçiriblər. Onlar Məkkəyə və digər mülki obyektlərə hücumları pisləyiblər. Sözügedən sazişə əsasən, tərəflərdən birinə hücum hamısına edilmiş hücum sayılır.

HUSİLƏR YƏMƏNDƏ ƏRAZİ NƏZARƏTİNİ GENİŞLƏNDİRİRLƏR

Pezeşkiandan husi açıqlaması

Görüşdən əvvəl Amerika televiziyasına danışan İran prezidenti Məsud Pezeşkian Tehranı husilərin hərəkətlərindən kənarda tutmağa çalışıb.

"Husilər öz hərəkətlərinə görə özləri məsuliyyət daşıyırlar", – Pezeşkian Nyu-Yorkda, BMT Baş Assambleyasındakı çıxışından bir gün sonra "Fox News" telekanalına deyib.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, Baş Qərargah rəisi, general Selçuk Bayraktaroğlu sentyabrın 25-də səudiyyəli və pakistanlı həmkarları ilə görüşmək üçün Səudiyyə Ərəbistanına gedəcək.

Ankara daha əvvəl Ər-Riyadın xüsusilə texniki sahədəki hərbi ehtiyaclarını qarşılamağa kömək edə biləcəyini bildirmişdi. Ancaq rəsmilərə görə, birgə müdafiə sazişi hələ Türkiyə parlamentində ratifikasiya olunmadığı üçün indiki mərhələdə istənilən dəstək əsasən ikitərəfli qaydada və müttəfiqlik münasibətləri çərçivəsində göstəriləcək.

Bu arada, İran Hörmüz boğazının açılması ilə bağlı şərtlərini vasitəçilər üzərindən ABŞ-yə çatdırdığını bəyan edib.

İran və onun müttəfiqləri Birləşmiş Ştatların tərəfdaşı olan Səudiyyə Ərəbistanının neft ixracını xeyli məhdudlaşdırıblar. Husilər Qırmızı dənizin girişində gəmilərin hərəkətini pozub, İran isə müharibədən əvvəl dünya neft ixracının 20 faizinin keçdiyi Hörmüz boğazında tankerlərin gediş-gəlişini faktiki olaraq məhdudlaşdırıb.