Husilər Səudiyyə Ərəbistanına dəniz embarqosu elan edib

Husilərin ələ keçirdiyi "Galaxy Leader" yük gəmisi Yəmənin Hudeydə vilayəti yaxınlığındakı Qırmızı dəniz limanına yaxınlaşır.

Yəməndə İranın dəstəklədiyi husi qruplaşması iyulun 20-də Səudiyyə Ərəbistanına dəniz embarqosu elan edib.

Qruplaşma bu məhdudiyyəti necə reallaşdıracağını açıqlamayıb. Bu arada Tehran ABŞ ilə yenidən tammiqyaslı müharibəyə qayıtdığını bəyan edib. Tərəflər strateji əhəmiyyətli Hörmüz boğazına nəzarət uğrunda döyüşləri davam etdirirlər.

Bəyanatdan öncə Səudiyyə Ərəbistanı və husilər son bir neçə ildə ilk dəfə qarşılıqlı zərbələr endiriblər. Bu isə 2022-ci ildə əldə olunmuş kövrək atəşkəsin pozulması ilə bağlı narahatlıqları gücləndirib.

Husilər bildiriblər ki, embarqo "gözə göz" prinsipinə əsaslanır və dərhal qüvvəyə minir.

Qərar icra olunarsa, Səudiyyə Ərəbistanının Qırmızı dəniz limanları vasitəsilə neft ixracını poza bilər. Bu marşrut krallığın Hörmüz boğazına alternativ əsas ixrac yollarından biridir. ABŞ-İran müharibəsinin şiddətlənməsi Hörmüz boğazında gəmiçiliyə təhdid yaradıb. Belə bir qadağa isə dünyanın ən böyük xam neft ixracatçısına arxalanan qlobal enerji bazarlarını daha da gərginləşdirə bilər.

BMT-nin sözçüsü Stefan Düjarrik xəbərdarlıq edib ki, bu təhdid regionda münaqişənin genişlənməsi riskini artırır.