Noyabrın 18-də ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının de-fakto lideri, vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşəcək. "Reuters" Vaşinqtonun Səudiyyəyə F-35 qırıcıları satışının, krallıqla bir sıra biznes sazişlərinin müzakirə olunacağını yazır.
MBS kimi tanınan bin Salman 2018-ci ildən bəri ilk dəfədir ABŞ-yə gedir. Həmin il Səudiyyənin agentləri ölkənin İstanbuldakı konsulluğunda Səudiyyənin tənqidçisi Camal Xaşoqini qətlə yetiriblər. ABŞ kəşfiyyatı jurnalistin tutulması və qətlinə məhz bin Salmanın göstəriş verməsi qənaətinə gəlib. Vəliəhd şahzadə əməliyyata sifariş verdiyini dansa da, krallığın de-fakto lideri olaraq məsuliyyətini etiraf edib.
Bin Salmanın Vaşinqtondakı isti qarşılanması isə Xaşoqinin qətlinin münasibətlərdə yaratdığı gərginliyin düzəlməsi əlaməti olacaq.
Trampın mayda krallığa səfəri zamanı Səudiyyə 600 milyard dollarlıq investisiya öhdəliyi götürüb. Ağ evdən yüksəkvəzifəli bir rəsmi "Reuters"ə deyib ki, ABŞ-Səudiyyə arasında texnologiya, istehsal, müdafiə və digər sahələr üzrə anlaşmalar gözlənilir.
ABŞ prezidenti noyabrın 18-də jurnalistlərə deyib: "Biz F-35-ləri Səudiyyəyə satacağıq". O, Səudiyyənin 48 ədəd qırıcı təyyarə almaq üçün müraciət etdiyini bildirib.
Vaşinqtonun Səudiyyəyə ilk dəfə F-35 satacaq, Yaxın Şərqdə hərbi balansı dəyişdirə bilər. İndiyədək regionda F-35-ə sahib yeganə ölkə İsrail olub.