Serbiyanın keçmiş prezidenti Aleksandr Vuçiç parlament seçkilərində tələbələrin etiraz hərəkatına məğlub olduğunu etiraf edib. On ildən çoxdur ölkənin siyasi həyatında dominant mövqe tutan Vuçiçin məğlubiyyəti Serbiyanın Kremlin təsirindən uzaqlaşıb Avropaya yaxınlaşmasının başlanğıcı ola bilər.
“Bu seçkilərdə məğlubiyyətimiz aydındır”, – Vuçiç oktyabrın 25-də axşam mətbuat konfransında bildirib.
“Tələbə Siyahısı qalib gəlib. Onlar parlamentdə 135-140, biz isə 105 yer qazanacağıq. Parlamentə başqa heç kim keçməyib”, – Vuçiç ilkin nəticələrlə bağlı deyib.
Bu açıqlamadan sonra Belqrad, Novi Sad və digər şəhərlərdə tələbə liderləri və onların tərəfdarları qələbəni qeyd etməyə başlayıblar.
Bəzi müşahidəçilər Vuçiçin məğlubiyyətini Rusiyaya dost münasibəti ilə tanınan digər avtoritar liderin – Macarıstanın baş naziri Viktor Orbanın apreldə parlament seçkilərində uduzması ilə müqayisə ediblər.
Serbiyadakı seçkilərdə 2 min 400-dən çox namizədin təmsil olunduğu 18 seçki siyahısı iştirak edib. Onlardan parlamentə 250 nəfər keçməlidir.
“Sabahdan qanunun aliliyinə əsaslanan dövlət qurmaq üçün işə başlayacağıq”, – bunu Tələbə Siyahısının əsas namizədi İliya Srdanoviç bildirib.
Reaksiyalar
Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen seçkilərin nəticələrini alqışlaylblar. Onların fikrincə, nəticələr Serbiyanın Avropa İttifaqına mümkün üzvlüyünə təkan verəcək.
Təxminən 6,6 milyon əhalisi olan Serbiyada, ilkin hesablamalara görə, seçici fəallığı 70 faizə yaxın olub.
2017-ci ildən prezident vəzifəsini tutan Vuçiç sentyabrın sonunda istefa verib. O, üçüncü dəfə prezident ola bilməzdi və növbədənkənar parlament seçkiləri təyin etməklə baş nazir postuna ümid edirdi.
Vuçiçin hakim Serbiya Tərəqqi Partiyasının (SNS) rəqibi olan Tələbə Siyahısı hərəkatı 2024-cü ilin noyabrında yaranıb. O zaman Novi Sad şəhərində dəmir yolu vağzalının beton örtüyünün uçması nəticəsində 16 nəfər həlak olub, bundan sonra ölkədə etiraz aksiyaları aylarla davam edib.
Vuçiç seçkinin nəticələrindən qəzəbini də gizlətməyib. O, baş verənləri ABŞ-də prezident Donald Trampın siyasətinə qarşı çıxan qüvvələrin və Avropanın digər paytaxtlarındakı liderlərin “çirkli işi” adlandırıb.
Onun iddiasına görə, rəqibləri “suveren dövləti devirmək üçün başqalarının hazırladığı çirkli işi sadəcə icra ediblər”.