Serbiyada Vuçiç prezident seçilir

Aleksandr Vuçiç

Ipsos və CeSID sorğu şirkətlərinin yaydığı məlumata görə, Vuçiç 59.8, müxalifətin namizədi Zdravko Ponos isə 17.1 faiz səs yığıblar

İlkin rəsmi nəticəyə görə, Aleksandr Vuçiç Serbiyada prezident seçkisinin qalibidir. Onun hakim Serbiya Proqressiv Partiyası isə (SNS) parlament seçkilərində önə çıxıb.

Aprelin 4-də açıqlanmış rəsmi nəticələrə görə, bülletenlərin 87.7 faizi sayılıb. Vuçiç səslərin 59.5, müxalifətdən rəqibi Zdravko Ponos isə 17.5 faizini yığıb.

Hakim SNS parlament seçkilərində 43.4 faiz səs toplayıb. SNS-in koalisiya tərəfdaşı olan Serbiya Sosialist Partiyası 11.7 faiz səs yığıb.

Ponosun “Qələbə üçün Birlikdə” müxalifət alyansı 13.1 faiz səs yığıb.

***

Serbiyanın vəzifədə olan prezidenti Aleksandr Vuçiçin aprelin 3-də prezident seçkisini, onun hakim Serbiya Proqressiv Partiyasının (SNS) isə parlamentdə səs çoxluğunu qazandığı görünür.

Mərkəzi Seçki Komissiyası aprelin 3-də gecə ilkin nəticələri açıqlamayacağını bildirib. Bu, seçki günü gecəsi ilkin nəticələrin açıqlanmadığı ilk haldır. Yekun nəticələr aprelin 7-cən açıqlanmalıdır.

Ipsos və CeSID sorğu şirkətlərinin yaydığı məlumata görə, Vuçiç 59.8, müxalifətin namizədi Zdravko Ponos isə 17.1 faiz səs yığıblar.

Buna da bax: Macarıstanda seçkini Orban udur

SNS-in 43.6, “Qələbə üçün Birlikdə” müxalifət alyansının isə 12.9 faiz səs yığdığı bildirilir.

SNS-in koalisiya tərəfdaşı olan Serbiya Sosialist Partiyası 11.6 faiz səs yığıb.

Rusiya Prezidenti Vladimir Putinlə şəxsi münasibətləri olduğunu deyənn Vuçiçin daha beş il Serbiyanı idarə edəcəyi gözlənir.

Tənqidçilər onun mediaya və hökumətə nəzarəti gücləndirdiyini bildirirlər. Ötən ay keçirilmiş bir sorğuya görə, ölkədə 43 faiz seçkinin azad və ədalətli keçiriləcəyinə inanmadığını deyirdi.