Dmitri Laqovski və həyat yoldaşı Ukraynada doğulub, vaxtilə Moskva ətrafında yaşayıblar. Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan altı ay sonra Serbiyaya köçüblər. Deyir, döyüşü seçə bilməzdi, qaçmağa üstünlük verib.
"Dostlarımız, həyat yoldaşımın valideynləri oradadır. Ukraynaya qarşı müharibəyə getsəm, bu, fəlakət olar", – Laqovski AzadlıqRadiosunun Balkan xidmətinə müsahibəsində deyib.
Amma onun bu kabusu reallığa çevrilə bilər. Dekabrın 3-də Belqrad Apellyasiya Məhkəməsi Ali Məhkəmənin onun ekstradisiyasına yol açan qərarını qüvvədə saxlayıb.
Laqovskinin vəkili Marko Stambuk AzadlıqRadiosuna deyib ki, iş Ədliyyə Nazirliyinə göndəriləcək və nazirliyin qərarı yekun sayılır, ondan apellyasiya vermək olmaz. O, əvvəlki təcrübələrin ürəkaçan olmadığını vurğulayıb: "Praktikada çox nadir hallarda ədliyyə naziri məhkəmələrin ekstradisiyası üçün əsasların olduğunu müəyyənləşdirdiyi şəxsin təhvil verilməsini rədd edir".
Rusiyada hüquqşünas işləmiş 49 yaşlı Laqovski köçəndə serb dilini bilmirdi. O, Belqradın ictimai nəqliyyat sistemində avtobus sürücüsü kimi iş tapmışdı.
Laqovski 2022-ci ilin avqustunda Rusiyanı tərk edənədək heç bir cinayət işi ilə üzləşməyib. Ekstradisiya tələbi isə sonradan açılmış bir işə əsaslanır: Rusiya hakimiyyəti onun dələduzluqda şübhəli olduğunu iddia edir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Rusiyadan Ermənistana miqrant axını ölkədə iqtisadi dönüşə səbəb olub
"Cinayətkar deyiləm"
Dediyinə görə, iş 2021-ci ildə imzalanmış bir müqavilədən qaynaqlanır. Həmin vaxt o, vəkil kimi iki şirkət arasında torpaq alqı-satqısı üzrə müqavilə tərtib edib.
"Bir şirkət digərinə torpaq satıb, heç birində əməkdaşı, yaxud sahibi olmamışam. Vəkil kimi həmin iki şirkət arasında müqavilə hazırlamışam", – Laqovski deyib.
"Cinayətkar deyiləm, heç vaxt da olmamışam", – o əlavə edir.
2025-ci ilin aprelində Laqovski Belqrad Ali Məhkəməsinə çağırılıb, orada ona Rusiyada axtarışda olduğu bildirilən sənəd təqdim edilib. Məhkəmə onun 21 gün müddətinə saxlanılmasına qərar verib, müddət bitincə azad edilib.
Laqovski ekstradisiya olunsa, Rusiyada mühakimə edilməlidir. Amma o, dövlətin onu cəbhəyə göndərəcəyindən qorxur: "Orduda kapitan rütbəm var. Düşünürəm ki, onlar məni Ukraynaya göndərmək istəyirlər".
Apellyasiya məhkəməsinin qərarından iki gün sonra Laqovski Serbiyanın Daxili İşlər Nazirliyinə sığınacaq üçün müraciət etmək niyyətini bildirib. Serbiya və beynəlxalq hüquqa görə, hökumət mümkün ekstradisiyadan öncə onun gerçəkdən belə bir təhlükə ilə üzləşib-üzləşmədiyini gərəyincə araşdırmağa borcludur, – Stambuk belə deyir.
Cavab yoxdur
AzadlıqRadiosu Ədliyyə Nazirliyinə e-mail göndərərək soruşub ki, nazir qərar verərkən işin bütün hallarını nəzərə alacaqmı. Hələlik, cavab gəlməyib.
Ukraynada təcavüzkar müharibə başlayandan Rusiyanı azı 1 milyon nəfərin tərk etdiyi bildirilir. Bəziləri sonradan qayıtsa da, yüz minlərlə insan hələ də xaricdə qalır.
Hökumətin məlumatına görə, Serbiyada qanuni yaşayan təxminən 100 min əcnəbinin 53 mindən çoxu rusiyalıdır. Serbiya Avropa İttifaqının üzvü deyil, rusiyalılar bu ölkəyə vizasız səyahət edə bilirlər.
Ukraynaya qarşı müharibəyə etiraz edən, yaxud işğala görə qaçdıqlarını deyən bir neçə rusiyalıya Serbiyaya giriş və ya daimi yaşayış icazəsi verilməyib, bəzi hallarda dövlət bunun səbəblərini izah etməyib.
Serbiya prezidenti Aleksandar Vuçiçin rusiyalı həmkarı Vladimir Putinlə münasibətləri yaxşıdır. Belqrad müharibəyə görə Qərbin Kremlə sanksiyalarına qoşulmaqdan ötrü Aİ-nin təzyiqlərinə müqavimət göstərib.