Serbiya prezidenti Aleksandar Vuçiçin hakim Serb Tərəqqi Partiyası (SNS) dekabrın 17-də keçirilən növbədənkənar parlament seçkilərini udduğunu elan edib. Seçki rəsmiləri isə səs saymanın davam etdiyini deyirlər.
Bu seçki vahid qərbyönlü koalisiyaya qarşı Vuçiçin gücü üçün vacib sınaq sayılırdı.
Vuçiç Belqradda SNS-in qərargahı qarşısına yığışan kütləyə deyib ki, "qələbə ən yaxşı proqnozlardan daha inandırıcı olacaq".
Müxalifət seçkinin pozuntularla keçdiyini iddia edib.
Seçici iştiraklılığı
Baş nazir, SNS sədrinin müavini Ana Brnabiç dekabrın 17-də axşam jurnalistlərə deyib ki, "şənliyə xoş gəlmisiz". O, məntəqə komissiyaları üzvlərinin ilkin məlumatlarına əsasən SNS-in səslərin 47.1 faizini yığdığını söyləyib. "Zorakılığa qarşı Serbiya" koalisiyasının 23, Serbiya Sosialist Partiyasının 6.7 faiz səs yığdığını bildirib.
Brnabiçin iddiasına görə, SNS özü parlamentdə çoxluğu təşkil edə biləcək. O, seçki prosesində pozuntularla bağlı müxalifətin iddialarını rədd edib.
Serbiyada seçkilər. 17 dekabr 2023
Müxalif və yerli müşahidəçi qrupları səsvermə məntəqələrində dağınıq pozuntuların olduğunu bildiriblər. Seçkini 5 min 800 beynəlxalq müşahidəçi izləyib, onlar bir neçə günə müşahidələrini bölüşəcəklər.
Dünən axşam 7-dək seçicilərin 55.5 faizinin səsvermə hüququndan istifadə etdiyi açıqlanıb. 2022-ci ilin aprelində də bu rəqəm təxminən belə idi. O zaman rəsmi seçici iştirakçılığı 58.6 faiz olub.
Müxalifət isə Vuçiçin hakimiyyətini zəiflətmək üçün daha çox seçicinin səsverməyə qatılacağına ümid edirdi.
Pozuntular
Bir qrup müşahidəçinin fiziki hücuma məruz qaldığı, maşınlarının əzildiyi, başqa bir yerdə seçicilərin avtobuslarla öz məntəqələrində deyil, başqa yerlərə səs verməyə aparıldığı bildirilir.
Müxalifət koalisiyası azı 450 seçki pozuntusu qeydə aldığını bildirib.
Parlament seçkiləri ilə yanaşı, 65 şəhərdə bələdiyyə postlarına da səsvermə keçirilib.
Qonşu Kosovoda yaşayan azı 22 min Serbiya vətəndaşı isə avtobuslarla sərhədi keçərək səsvermədə iştirak ediblər.
Vuçiç noyabrın 1-də 250-yerlik Milli Assambleyanı dördillik mandatını yarı etməmiş buraxıb. Buna mayda ölkədə baş verən iki kütləvi atışma səbəb olub. 19 nəfərin həlak olduğu həmin insidentlərdən sonra Vuçiç və ölkənin digər liderlərinin istefası üçün çağırışlar güclənib.
Vuçiçin tənqidçiləri onun media və hökumətə nəzarətlə hakimiyyətini gücləndirdiyini iddia edirlər. Bəzi rəy sorğularına görə, ölkənin təxminən yarısı seçkinin azad və ədalətli olacağına inanmırdı.