ABŞ senatorları Beynəlxalq Siyasi Məhbuslar Gününü dəstəkləyir

Sizin brauzer HTML5-i dəstəkləmir

'Siyasi məhbuslar', 'seçki' - Dövlət Departamentinin hesabatında onlara yer olmadı

ABŞ senatorları Rocer Uiker, Şeldon Uaythaus Cinn Şehin 30 oktyabrın Beynəlxalq Siyasi Məhbuslar Günü kimi qeyd olunmasına dəstək bildiriblər, repressiv rejimləri pisləməyə çağırıblar. Onların hazırladığı qətnamədə bildirilir ki, dünyada təxminən bir milyon insan dinc etirazlarına görə həbsdə saxlanılır.

Senatın Xarici əlaqələr komitəsinə təqdim olunmuş qətnamədə siyasi repressiyanın bütün formaları pislənir, jurnalistlər, fəallar və insan haqları müdafiəçiləri daxil, dünyada təxminən bir milyon siyasi məhbusla həmrəylik ifadə edilir.

Senat ABŞ hökumətini repressiyalara görə məsuliyyət daşıyan rejimləri cavab verməyə məcbur etməyə çağırır. Layihədə beynəlxalq ictimaiyyətdə bu məsələ ilə bağlı məlumatlılığı artırmaq, ikitərəfli və çoxtərəfli danışıqlarla məhbusların azad edilməsinə nail olmağa çağırış yer alır.

Qətnamədə Belarus, Çin, Kuba, Misir, İran, Myanma, Rusiya, Türkiyə Venesuelada müstəqil səslərin sistemli həbs olunduğu xüsusilə vurğulanır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Jurnalist və vətəndaş cəmiyyəti üzvlərinə qarşı cinayət işlərində əslində hansı ziddiyyətlər var?

Sənəddə Azərbaycanın adı yer almayıb. Ancaq insan haqları müdafiəçiləri ölkədə siyasi məhbusların sayının 400-ə çatdığını bildirirlər. Siyahıda jurnalist və bloqerlərin, hüquq müdafiəçilərinin, ictimai-siyasi fəalların adları yer alıb. Hakimiyyət təmsilçiləri "siyasi məhbus" terminini qəbul etmir, sözügedən şəxslərin sırf törətdikləri əmələ görə mühakimə olunduğunu deyirlər.

Ancaq hazırda həbsdə olan jurnalistlərin sırf peşə fəaliyyətinə, tənqidi, araşdırmaçı jurnalistikaya görə həbsə atıldıqlarını beynəlxalq insan haqları təşkilatları da vurğulayır, hakimiyyəti tənqidi səslərin susdurulmasını dayandırmağa çağırırlar.

Beynəlxalq Siyasi Məhbuslar Günü ilk dəfə 1974-cü ildə Sovet İttifaqında meydana gəlib. Həmin vaxt siyasi məhbuslar birgünlük aclıq aksiyası keçiriblər. Sovet vicdan məhbusları bu etirazı hər il oktyabrın 30-da təkrarlayıblar.

"Freedom House" insan haqları təşkilatı bildirir ki, Rusiya prezidenti Vladimir Putinin davam edən və dərinləşən repressiyalarına cavab olaraq, rusiyalı siyasi məhbuslar bu ənənəni 2021-ci ildə yenidən dirçəldiblər. O vaxtdan bəri bu gün bütün dünyada siyasi məhbuslarla həmrəylik günü kimi qeyd olunur.

Bir sıra beynəlxalq insan haqları qurumları bu gün imza atdıqları birgə bəyanatda repressiyalara baxmayaraq, azadlıq uğrunda mübarizəni davam etdirən ailələr, vəkillər və vətəndaş cəmiyyəti təşkilatları ilə həmrəylik bildirirlər.