Sentyabrın 11-də ABŞ-nin keçmiş senatoru Bob Menendesin həyat yoldaşı Nadin Menendes 4 il yarım həbsə məhkum edilib. O, beynəlxalq korrupsiya sxemindəki roluna görə cəzalandırılıb. Onun əri də həmin işlə bağlı məhkum edilib.
58 yaşlı N.Menendes apreldə yüz minlərlə dollar məbləğində rüşvət almaqda təqsirli bilinib. Rüşvətin onun ərinin Misir və Nyu-Cersidən biznesmenlərə imtiyazlı şərait yaratması üçün alındığı bildirilir. Xəbəri "Reuters" yayıb.
"The New York Times" yazır ki, N.Menendesin son sözü emosional olub, etdiklərinə görə ərini suçlayıb.
"Həyatımı ona etibar etdim, o isə məni kukla kimi oynatdı", – o, göz yaşları içində deyib.
Hakim Sidni Şteyn isə onu sxemin "mərkəzi iştirakçısı" adlandırıb: "Sən nə etdiyini bilirdin. Həmişə məqsədin vardı. Görüşləri təyin edirdin. Digərlərini cəlb edirdin".
Demokrat Partiyasından olan B.Menendes Nyu-Cersi ştatını Senatda 18 il yarım təmsil edib, Senatın xarici əlaqələr komitəsini sədri vəzifəsində çalışıb.
B.Menendes hazırda 11 illik həbs cəzası çəkir
71 yaşlı Bob Menendes isə yanvarda ayrıca məhkəmə prosesində təqsirli bilinərək 11 il həbsə məhkum edilib. Prokurorlar onun ABŞ-in hərbi yardımını Misirə yönləndirmək, yerli biznesmenlərə qarşı cinayət işlərinə müdaxilə etmək qarşılığında rüşvət olaraq qızıl külçələr, nağd pul, "Mercedes-Benz" avtomobil aldığını bildirir.
Nyu-Cersidən biznesmenlər Vael Hana və Fred Daybes bu sxemdə iştiraka görə daha öncə 8 və 7 il həbsə məhkum ediliblər.
N.Menendesin vəkili onun hökmdən şikayət verəcəyini deyib. Müdafiə tərəfi bir ildən azacıq çox cəza kəsilməsini istəmişdi.
N.Menendes əri ilə birlikdə mühakimə olunmalıydı, amma vəkilləri ona süd vəzi xərçəngindən müalicə gərəkdiyini deyəndən sonra məhkəməsi təxirə salınıb.
B.Menendes xarici agent kimi hərəkət etməkdə təqsirləndirilən ilk ABŞ senatoru olub. O, ötən ilin avqustunda senatorluqdan istefa verib. Hazırda cəzasını Pensilvaniyada yüngül rejimli həbsxanada çəkir.