Sənan Paşayev Naxçıvanın prokuroru oldu

Sənan Paşayev

Sənan İsa oğlu Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilib.

Bununla bağlı mayın 23-də prezident İlham Əliyev sərəncam imzalayıb.

Sənan Paşayev ötən ilin dekabr ayının sonlarında Naxçıvan MR prokurorunun müavini təyin olunmuşdu.

O daha əvvəl Azərbaycan Baş Prokurorluğunda İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışmışdı.

Onun adı bir sıra müxalifətçi və jurnalistlərlə bağlı cinayət işlərinin istintaqında tez-tez hallandırılıb.

Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun isə öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verildiyi açıqlanmışdı.

Talıbov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır. Onun vəzifədən getməsindən təqribən bir həftə əvvəl, dekabrın 21-də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefası qəbul edilmişdi. O 27 il idi ki, həmin vəzifədə çalışırdı.