Yaxınları həbsdəki jurnalistin səhhətindən narahatdır

Şəmşad Ağa

arqument.az saytının baş redaktoru, "MeydanTV işi" üzrə həbsdə olan Şəmşad Ağanın səhhətinin ağırlaşdığı bildirilir.

Bu barədə MeydanTV-yə jurnalistin yaxınları məlumat veriblər.

Onların sözlərinə görə, Ş.Ağanın öd kisəsində 9-10 millimetr ölçüsündə daş aşkarlanıb və o, tez-tez kəskin ağrı tutmalarından əziyyət çəkir.

Yaxınları deyir ki, həkim müayinəsindən keçən Ş.Ağanın öd kisəsindəki daşın cərrahi yolla çıxarılması zəruri sayılır. Onlar Penitensiar Xidmətin müalicə müəssisəsində bu əməliyyatın yalnız ailənin vəsaiti hesabına aparıla biləcəyinin deyildiyini vurğulayırlar.

Ailəsi Ş.Ağanın sağlamlıq vəziyyətindən ciddi narahatdır və əməliyyatın gecikdirilməməsini istəyir.

Hələlik bu açıqlamalara cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ş.Ağa səhhətində yaranan problemlərlə əlaqədar oktyabrın 13-də Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb.

Son vaxtlar həbsdə olan bir çox jurnalist və fəalın yaxınları onların səhhəti ilə bağlı həyəcanlı açıqlamalar yayırlar. Onlar doğmalarının həbs yerlərində lazımi və yetərli müayinə-müalicədən məhrum qaldıqlarını iddia edirlər. Rəsmilər isə bu cür şikayətləri bir o qədər də əsaslı saymır.

MeydanTV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş də dörd gün əvvəl böyrəyindən əməliyyat olunub.

Xatırlatma

MeydanTV-nin baş redaktoru Aynur Elgünəş, əməkdaşları Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova, Xəyalə Ağayeva və Ramin Cəbrayılzadə 2024-cü il dekabrın 6-dan həbsdədir. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da saxlanılıb.

Bu cinayət işi üzrə 2025-ci ilin fevralında daha üç jurnalist – Şəmşad Ağa, Nurlan Qəhrəmanlı və Fatimə Mövlamlı həbs edilib.

Mayda jurnalist Ülviyyə Quliyeva, avqustda isə fotojurnalist Əhməd Muxtarov da MeydanTV ilə bağlı cinayət işi üzrə istintaqa cəlb olunaraq həbsə alınıb.

Onlara qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və digər ittihamlar irəli sürülüb.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların arasında "AbzasMedia" və ToplumTV-nin də çoxsaylı əməkdaşı var.

"AbzasMedia işi" üzrə təqsirləndirilən yeddi jurnalistə 7 il 6 aydan 9 ilədək həbs cəzası verilib. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də onların arasındadır və o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

"ToplumTV işi" üzrə məhkəmə prosesi iyulun sonunda yekunlaşıb və doqquz nəfərə ümumilikdə 121 il (12 ildən 15 ilədək) həbs cəzası kəsilib.

Jurnalistlər bu ittihamların heç birini qəbul etmirlər.