Bakı Ağır Cinayətlər Məhkəməsi "MeydanTV işi" üzrə həbsdə olan jurnalist, arqument.az saytının baş redaktoru Şəmşad Ağanın (Ağayev) anası Zərifə Ağayevanın dəfnində iştirak etməsinə icazə verib.
77 yaşlı Z.Ağayevanın xəstə olduğu bildirilirdi.
Məhkəmənin qərarında vurğulanır ki, icazə yanvarın 29-dan hesablanmaqla üç günlük verilib.
Ötən il oktyabrın 12-də Ş.Ağanın 18 yaşlı qardaşı qızı Səma Ağayeva da xərçəng xəstəliyindən vəfat etmişdi. Həmin vaxt jurnalistin həbsdən qardaşı qızının yas yerinə buraxılması ilə bağlı vəsatətini Xətai rayon Məhkəməsi təmin etməmişdi.
Ş.Ağa 2025-ci il fevralın 5-də MeydanTV ilə əlaqəli cinayət işinə görə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
2025-ci il avqustun 28-də "MeydanTV işi" üzrə ittihamlar ağırlaşdırılıb və bu iş üzrə həbs olunanlara qarşı daha yeddi maddə əlavə olunub.
Xatırlatma
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 340 siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.