Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinin vəzifəli şəxsləri həbs edilib. Bu barədə iyunun 6-da Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Şəmkir Regional Mədəniyyət İdarəsinin vəzifəli şəxsləri ilə bağlı müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Söhbət idarənin rəisi Azər Rəcəbovdan, İnsan resursları şöbəsinin rəisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərovdan gedir: "Azər Rəcəbov, Ələkbər Əliyev və Seymur Səfərova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə barələrində həbs-qətimkan tədbiri seçilib".
Hələlik, rəsmi açıqlamaya həbs edilən bu şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb. Onların ittihamlara münasibəti bəlli deyil.