Şəmkir rayonunda qidadan kütləvi zəhərlənmə halı baş verdiyi bildirilir. Yerli saytların məlumatlarına görə, rayonda restoranların birində 10 nəfər dönərdən zəhərlənib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən də "Turan"a deyilib ki, 10 nəfər zəhərlənmə diaqnozu ilə iyunun 8-i saat 22:50 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasına daxil olub: "Vətəndaşlara zəruri təcili tibbi yardım göstərilib və vəziyyətləri stabil olaraq qiymətləndirilir. Zəruri müayinələr tamamlandıqdan sonra vətəndaşların gün ərzində ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulur".
Qida Təhlükəsizliyi Agentliyindən isə qeyd edilib ki, hadisənin səbəbləri, qida zəhərlənməsi olub-olmaması ilə bağlı araşdırmalara başlanıb: "Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".
Hələlik, zəhərləndikləri güman edilən şəxslərin yaxınları və başqa aidiyyəti qurumlar ilə danışmaq mümkün olmayıb.