Sel və daşqınların fəsadları üçün 85 milyon manat ayrıldı

İlham Əliyev

Prezident İlham Əliyev aprelin 28-də sel və daşqınların təhlükəli təsirlərinə qarşı mübarizə tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakıda və ölkənin müxtəlif bölgələrində güclü leysan yağışları nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün Prezidentin ehtiyat fondundan 85 milyon 869 min 260 manat vəsait ayrılıb.

Ayrılan maliyyənin bir hissəsi rayonlarda yeni fərdi evlərin tikintisinə, zərərçəkənlərin mənzil təmiri və kirayə xərclərinə yönəldiləcək.

Bu proses çərçivəsində bəndlərin inşası, kollektorlardakı çökmələrin aradan qaldırılması, nasos stansiyalarının mühərriklərinin yenilənməsi, körpülərin bərpası və yolların təmiri də nəzərdə tutulur.

Sizin brauzer HTML5-i dəstəkləmir

Zərdabın üç kəndində sakinlər təhlükə gözləyir – Rəsmi qurum isə 'şişirdilib' deyir

Xatırlatma

Son aylarda yağan yağışlar Bakıda və ölkənin bir çox bölgəsində ciddi fəsadlara yol açıb. Küçə, həyət və evlərin su altında qaldığı bir sıra ərazilərdə etirazlar baş verib; sakinlər hökumətdən yardım və kompensasiya tələb ediblər.

Əslində, son illər Bakıda və paytaxtətrafı qəsəbələrdə güclü yağışlar zamanı eyni problemlər mütəmadi olaraq təkrarlanır. Hətta 2024-cü ilin oktyabrında Sabunçu rayonundakı tuneli su basması nəticəsində iki nəfər həyatını itirmişdi.

Ekspertlər mövcud vəziyyəti, əsasən, son illərdə paytaxt və ətraf yaşayış məntəqələrində tikinti işlərinin plansız aparılması ilə əlaqələndirirlər. Mütəxəssislər vurğulayırlar ki, son 20 ildə ölkədə su və kanalizasiya sistemlərinin yenilənməsinə külli miqdarda vəsait ayrılıb. Onların fikrincə, əgər həmin vəsaitlərdən səmərəli istifadə olunsaydı, problem bu dərəcədə kəskinləşməzdi.