Şəkinin Baş Küngüt kəndi ərazisindəki "Şəki yaylası" istirahət mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Rəsmi açıqlamaya görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, 1999-cu il təvəllüdlü B.U.A. və 1995-ci il təvəllüdlü M.C.C. "Zipline" əyləncəsindən istifadə edərkən kanat sisteminin bərkidildiyi metal qurğu əyilərək formasını itirdiyi üçün əsas mexanizm kanatdan çıxıb və təhlükəsizlik avadanlığı zədələnib.
Nəticədə hər iki şəxsin hündürlükdən yerə düşərək hadisə yerindəcə həyatını itirdiyi bildirilir.
Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.
Bu maddə üzrə təqsiri sübuta yetirilən şəxsləri 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Rəsmi açıqlamaya sözügedən istirahət mərkəzinin rəhbərliyi və həlak olan şəxslərin yaxınlarından münasibət almaq mümkün olmayıb.
9 sentyabr
FHN ölümə səbəb olan qurğunun onun nəzarətində olmadığını bildirib. Suallar açıq qalır
Fövqəladə Hallar Nazirliyi (FHN) Şəki rayonunda ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib.
Qurumdan APA-nın sorğusuna cavab olaraq deyilib: "Mexanikləşdirilmiş, yəni elektrik mühərriki və ya ötürücü bucurqad vasitəsilə hərəkət etdirilən qurğu olmadığından təhlükə potensiallı obyektlərin siyahısına daxil deyil. Bu səbəbdən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə aid deyil".
Bu açıqlamaya, hələlik, istirahət mərkəzinin rəhbərliyindən münasibət almaq mümkün olmayıb.
FHN-in açıqlamasında onun nəzarət etmədiyi bir qurğunun istirahət mərkəzində quraşdırılmasına və istifadəsinə görə hansı qurumun konkret məsuliyyət daşıdığından bəhs edilmir. Hələlik, ölümlərlə bağlı hər hansı başqa versiya da səslənmir.
Üstəlik, istirahət mərkəzlərində texniki təhlükəsizlik məsələlərinin vaxtaşırı gözdən keçirilib-keçirilmədiyi sualı da açıq qalır.
8 sentyabr
Şəkidə kanatın trosu qırılıb, iki nəfər ölüb
Sentyabrın 8-də Şəki rayonundakı istirahət mərkəzlərinin birində bədbəxt hadisə olub, iki nəfər ölüb.
İlkin məlumata görə, mərkəzdəki əyləncə qurğusunda (kanat) qəza baş verib və iki nəfər hündürlükdən yıxılaraq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Hələlik məsələyə istirahət mərkəzinin rəhbərliyindən və ölənlərin yaxınlarından münasibət almaq mümkün olmayıb.
Bu, ölkədəki istirahət yerlərində baş verən ilk belə hadisə deyil. Əvvəllər də oxşar qəzalarda ölənlər olub.
Digər tərəfdən, bəzi ekspertlərin qənaətinə görə, istintaq zamanı faciəni doğuran real səbəblərin üstündən çox vaxt sükutla keçilir.