Hakimiyyətlə dialoq davam edir - ABŞ səfiri

Amerika Birləşmiş Ştatları Azərbaycan hakimiyyəti ilə insan hüquqları məsələləri ilə bağlı dialoqu davam etdirir

Amerika Birləşmiş Ştatları Azərbaycan hakimiyyəti ilə insan hüquqları məsələləri ilə bağlı dialoqu davam etdirir.

Bu barədə aprelin 19-da ABŞ-ın Azərbaycandakı səfiri Li Lizenberger “Turan” İnformasiya Agentliyinin rəsmi Vaşinqtonun Azərbaycanda hüquq və azadlıqların vəziyyətini yaxşılaşdırmaq üçün atdığı addımlar barədə sualına cavabda bildirib.

"Biz Azərbaycan hökuməti ilə bütün səviyyələrdə insan haqları, qanunun aliliyi, demokratiya istiqamətində işləyirik. Bəzi sahələrdə irəliləyişlər görürük, məsələn insan alverinə qarşı mübarizədə uğura imza atmışıq. Bu istiqamətlərdə dialoqumuz yüksək səviyyədə davam edir", deyə səfir qeyd edib.

Bərpa işləri

“Turan”ın xəbərinə görə, azad olunmuş ərazilərin bərpasında iştiraka toxunan diplomat qeyd edib ki, ABŞ şirkətləri bu layihələrdə, o cümlədən minatəmizləmə layihələrində iştirak etməkdə maraqlıdır:

"Bərpa işlərində ABŞ şirkətlərinin iştirakı üçün açıq ictimai tenderlərin mövcudluğu vacibdir, belə olan halda ABŞ biznes sektoru öz təkliflərini verə bilər və prosesə qoşula bilər".

Bu fikirlərə, hələlik, Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb. Amma onlar bir qayda olaraq bərpa işlərinin şəffaf şəkildə həyata keçirildiyini deyirlər.

2020-ci ildə Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı işğal edilən ərazilərinin çox hissəsini azad etdiyini açıqlayıb.Hazırda azad edilən ərazilərdə bərpa işləri aparılır.