Səfərbərlik Xidmətində 75 nəfərin işi prokurorluğa göndərilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

Bu il Səfərbərlik Xidmətində 75 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.

Bu məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇX) bu gün, oktyabrın 2-də yaydığı statistik açıqlamasında yer alır.

Qurum bildirir ki, qeyri-qanuni hərəkətlər, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə aparılmış xidməti araşdırmalar nəticəsində 2023-cü ildə 78, ötən il 249, 2025-ci ilin müvafiq dövründə 143 əməkdaş (onlardan 54-ü rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb: "O cümlədən cari ildə doqquz əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 35 fakt üzrə 75 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib".

Rəsmi açıqlamada həmin şəxslərin adları və vəzifələri açıqlanmır. İttihamlara onların və vəkillərinin münasibəti bəlli deyil.

Xatırlatma

2023-cü ilin sonundan Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yararlı olması barədə qərar verilməsi qaydası dəyişib. Bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna dəyişiklik edilib. Prezident "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" iki il əvvəl oktyabrın 6-da fərman imzalamışdı. Qanunvericilik fərmana uyğunlaşdırıldı. Fərmana əsasən, 2024-cü il iyulun 1-dən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Əvvəlki qanunvericilikdə xidmətə yararlı olub-olmamaq məsələsində əsas söz sahibi SHXÇX nəzdində tibbi komissiyalar sayılırdı. Hələlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələlərlə bağlı hər hansı hesabat vermir.

Üstəlik, həqiqi hərbi xidmətə çağırışla bağlı vətəndaşlardan eşidilən şikayətlər heç də aradan qalxmayıb. Şikayətlərdə xidmətə yararsız gənclərin süründürməçiliklə üzləşdikləri, bəzi hallarda isə xidmət yerinin seçilməsində "tapşırma"ların rol oynaması və başqa iddialar yer alır. Konkret şikayətlərə cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.