Səfərbərlik Xidmətinin zabiti hakim qarşısında, 140-dan çox şəxsin işi isə prokurorluqdadır

SHXÇDX

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə oktyabrın 9-da Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Söhbət Xidmətin Siyəzən rayon bölməsinin zabiti İlham Məmmədli və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin mühəndisi Mirhəmdulla Əmirovdan gedir.

İ.Məmmədli Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 341.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), M.Əmirov isə həmin məcəllənin 32.4, 313-cü (vəzifə saxtakarlığına təhrik etmə), 32.4, 341.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadəyə təhrik etmə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur. Hər iki şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İttihamlara, hələlik, onların və ya vəkillərinin münasibəti bəlli deyil.

144 nəfər barəsində materiallar prokurorluğa göndərilib

Xidmətdən verilən son açıqlamaya görə, bu ilin doqquz ayında qurumun 122 əməkdaşı (72-i rəhbər heyətə daxildir) barəsində qeyri-qanuni əməllər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. O cümlədən iki əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb, 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar isə prosessual qərar qəbul edilməsi üçün prokurorluq orqanlarına göndərilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Səfərbərlik Xidmətindən alındı, problem isə böyüdü: 'Vətəndaşları süründürürlər'

Xatırlatma

2023-cü ilin sonundan ölkədə vətəndaşların hərbi xidmətə yararlı olub-olmaması ilə bağlı qərarvermə qaydası dəyişib.

2024-cü il iyulun 1-dən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Əvvəlki qanunvericilikdə vətəndaşın xidmətə yararlı olub-olmamaq məsələsində əsas söz sahibi SHXÇX nəzdindəki tibbi komissiyalar sayılırdı. Hələlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu müayinələrin nəticələri ilə bağlı hər hansı hesabat təqdim etməyib.

Bununla belə, həqiqi hərbi xidmətə çağırışla bağlı vətəndaşlardan eşidilən şikayətlər tam aradan qalxmayıb. Şikayətlərdə xidmətə yararsız gənclərin süründürməçiliklə üzləşdikləri, bəzi hallarda isə xidmət yerinin müəyyənləşdirilməsində xahiş və tapşırıqların rol oynadığı iddia edilir. Konkret şikayətlərlə bağlı cavabdeh rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.