Azərbaycan hərbi prokurorunun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib.
Baş Prokurorluğun məlumatına görə, bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr verib.
Baş Prokurorun digər əmri ilə hərbi prokurorun sabiq müavini Fuad Məmmədov Tərtər rayon prokuroru vəzifəsinə təyin edilib.
"Şəfahət İmranov və Fuad Məmmədov həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanuna uyğun olaraq onlara baş ədliyyə müşaviri xüsusi rütbəsi verilib", məlumatda əlavə edilib.
Ş.İmranovun adı bundan əvvəl "Tərtər işi" ilə bağlı bir çox hallarda çəkilib. Məhkəmənin gedişində zərərçəkənlərlə yanaşı, təqsirləndirilən şəxslər və onların vəkilləri də bir sıra yüksəkvəzifəli şəxslərin çağırılıb şahid qismində dindirilməsindən ötrü dəfələrlə vəsatət qaldırmışdılar. Onların arasında həmin dövrdə Baş Qərargah rəisi olan Nəcməddin Sadıxovun, korpus komandiri Hikmət Həsənovun, hərbi prokuror Xanlar Vəliyevin, onun müavini Şəfahət İmranovun, Hərbi Prokurorluğun müstəntiqlərinin və başqa şəxslərin adları olsa da, məhkəmə bunların heç birini çağırmayıb.
Onların bəziləri də mediaya açıqlamalarında bu məsələlərlə bağlı günahlandırılmalarını qəbul etməyiblər.
2025-ci il aprelin 8-də X.Vəliyevin səlahiyyət müddəti başa çatıb. Prezidentin təqdimatına əsasən, Milli Məclisin qərarı ilə o, Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.
Xatırlatma
2017-ci ildə Azərbaycanda yüzlərcə hərbi qulluqçu dövlətə xəyanət işi üzrə istintaqa cəlb edilib, onların bir çoxu müxtəlif cəzalar alıb. İstintaqın gedişində bəzi hərbi qulluqçuların da işgəncə nəticəsində həlak olduğu bildirilir. 2021-ci ilin dekabrında şərti olaraq "Tərtər işi" adlanan işin istintaqı yenilənəndən sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb.
İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan bütövlükdə üç qrupda 13 nəfərin işi əlavə məhkəməyə göndərilib. Onlara da müxtəlif cəzalar kəsilib. Onlar, əsasən, ittihamları qəbul etməyiblər.
Üstəlik, işgəncə nəticəsində öldüyü deyilən hərbi qulluqçuların yaxınları da indi iddia edirlər ki, əsl günahkarlar məsuliyyətdən qıraqda qalıb.